Nissan şirkəti 370Z sportkarını əvəz edəcək yeni Z idman avtomobilini buraxmağa hazırlaşır. Avstraliyanın “CarExpert” nəşri yerli patent ofisində, keçən il təqdim olunan Z Proto prototipindən praktiki olaraq fərqlənməyən seriya sportkarının şəkllərini aşkar edib.
Növbəti nəsil Nissan Z modelinin carçısı olan Z Proto prototipi 2020-ci ilin payızında nümayiş olunub və ictimaiyyət tərəfindən yaxşı qarşılanıb. Konsept, 280Z modelinə məxsus retro üsluba malik olduğu üçün, marka pərəstişkarlarının xoşuna gəlib. Göründüyü kimi, müsbət rəylər öz işini görüb və yapon istehsalçısı Z idman avtomobilinin seriya versiyasının dizaynına toxunmamaq qərarına gəlib.
Yeni sportkarın aşkar edilmiş patent şəkilləri də bunu sübut edir: düzbucaqlı radiator barmaqlıöı və ön fənərlərin forması da daxil olmaqla, avtomobilin ön hissəsi Z Proto konseptini tam şəkildə təkrarlayır. İdman avtomobili şxematik olaraq göstərilsə də, böyük ehtimalla, iki LED yarımdairəsi olan ön fənərlərin daxili tərtibatı da dəyişilməz qalacaqdır.
İlkin məlumatlara görə, Nissan Z modeli 405 at qüvvəli 3,0-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı altı pilləli mexaniki və avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.