Məlum olduğu kimi, bu gün Nissan şirkəti yeni Z sportkarının carçısı olan Z Proto konseptini təqdim etməlidir. Təqdimatdan bir gün əvvəl, yapon istehsalçısı yeni prototipin ön işıq texnikası təsvir edilmiş son tizerini dərc edib.
Bundan öncə, Nissan şirkəti Z Proto modelinin üç videotizerini yaymışdı. İlk videotizerdə, Nissan şirkəti 1969-cu ildə təqdim olunan 240Z modelindən başlayaraq, bu günə qədər buraxılmış bütün Z modellərinin sadalamışdı.
İkinci videoçarxda dizaynerlərin yeni kupe üçün əvvəlki modellərdən götürdükləri dizayn elementləri nümayiş etdirilirdi. Məsələn, yuvarlaq formada olan ön fənərlər orijinal Nissan Fairlady Z (Datsun 240Z) modelini, arxa işıq texnikası isə, Z32 kuzovunda olan 300ZX sportkarını xatırlatmalıdır.
Bundan əlavə, arxa dayağa vurulan yenilənmiş Z loqotipi nümayiş etdirilir və salona nəzər salmaq imkanı yaradılır. Videodan göründüyü kimi, istehsalçı yeni sportkarın mexaniki ötürmə qutusu ilə təchiz ediləcəyinə də işarə edir.
Üçüncü videotizer prototipin altı pilləli mexaniki ötürmələr qutusunu alacağını təsdiqləyir. Bundan başqa, istehsalçı marka pərəstişkarlarının istəyini nəzərə alaraq, yeni idman avtomobilini klassik əl əyləci ilə təchiz edib.
Əavə olaraq, videoçarxda, qapı kandarlarındakı lövhəciklərdə həkk olunmuş Z loqotipi, beş cütlənmiş milləri olan təkər diskləri və idman əyləc supportları göstərilib. Eyni zamanda, Nissan qismən bölünmüş ön optikanı və arxa işıqları da nümayiş etdirib. Onlar şirkətin 1983-cü ildən 2000-ci ilə qədər istehsal etdiyi əfsanəvi Nissan 300ZX modelinin fənərlərini xatırladır.
Xatırladaq ki, bu gün debüt ediləcək yeni Nissan Z Proto, seriya sportkarının prototipi olacaqdır. Yeni sportkar, 2009-cu ildən bəri istehsal olunan 370Z idman avtomobilini əvəzləməlidir.