AvtoVAZ şirkəti ilə General Motors konserni arasında əldə edilmiş razılaşmaya əsasən rus istehsalçısı amerikan konserninin GM-AvtoVAZ birgə müəssisəndəki payını satın alacaqdır. Xatırladaq ki, tərəflər birgə müəssisədə bərabər paya malikdirlər. AvtoVAZ şirkəti sövdələşmənin maliyyə tərəfini açıqlamaqdan imtina edib.
Bununla belə, başqa maraqlı məqamlara aydınlıq gətirilib. Görünən odur ki, mülkiyyətçinin dəyişməsi nə zavoddakı, nə də ki Chevrolet Niva modelinin Ruisya bazarındakı vəziyyətinə təsir göstərməyəcəkdir: ofrouderin istehsalı davam etdiriləcək və model indiki görkəmdə satılacaqdır. Rəsmi xəbərdə “keçid dövrü” barədə də məlumat verilib. Bu dövr başa çatdıqdan sonra müəssisənin adı dəyişdiriləcək, malgöndərənlər ilə müqavilələrə yenidən baxılacaqdır. Niva isə yenidən Lada olacaqdır.
“Razılaşmaya əsasən, AvtoVAZ şirkətinin model xəttində ikinci klassik ofrouder peyda olacaqdır. Niva təbii şəkildə əfsanəvi Lada 4x4 modelini tamamlayacaq və AvtoVAZ şirkətinin sonrakı inkişafına dəstək olacaqdır. Tarixən birgə müəssisədəki istehsal prosesləri AvtoVAZ şirkətinin Tolyattidəki əsas meydançası ilə sıx şəkildə bağlı olub - bu da bizə müştərilərimizin məşhur Niva modelindən aldıqları məmnunluq hissini artırmağa yardım edəcəkdir”, - AvtoVAZ şirkətinin prezidenti İv Karakatzanis bildirib.
Bununla belə, Niva modelinin gələcək inkişafı barədə heç bir məlumat verilməyib. Əvvəllər, GM-AvtoVAZ müəssisəsinin ofrouderin restaylinqini hazırladığı barədə xəbərlər yayılmışdı. Tolyattidəki istehsal nəhənginin imkanları bu proses başa çatdırılmasına və Niva modelinin ikinci nəslinin üzərindəki işlərin sürətləndirilməsinə təkan verə bilər.