Norisrinqdə keçirilən birinci yarışı qazanan pilot BMW komandasının kanadalı pilotu Bruno Spenqler olub. Digər BMW pilotu Maksim Marten ikinci finiş xəttini ikinci keçərək Bavariyalılar üçün dublu rəsmiləşdirib.
Yarış başlamazadan əvvəl yağışın yağması startdan sonrakı Qründik döngəsində qəzaların olacağından xəbər verirdi. Qırmızı işıqların sönməsi ilə yerindən raket kimi sürətlənən Bruno Spenqler ilk döngəyə lider girməyə müvəffəq oldu. Mattias Ekstrem də iki BMW avtomobilin arasından sıyrılaraq əla start almış oldu. İlk döngədə poulun sahibi Maksim Martenlə mübarizəyə başlayan isveç pilot belçikalını geridə qoymağı bacardı. İlk döngə əlbəttə ki, qəzasız ötüşmədi - Robert Uikkenz və Lukas Auerin qəzaları hər iki pilotun yarışdan kənar qalmasına səbəb oldu. Bu qəza Ceymi Qrinin (Audi) də gecikdirdi.
Lakin, bir müddət sonra Marten Qründik döngəsində Ekstremi keçərək ikinciliyə yüksəldi. Bu ötmə sonunda ikinci yerin taleyini həll etdi. Yarışın ən həyəcanverici anı da isveçli və belçikalı pilotun nəfəs kəsən mübarizəsi oldu. Ekstrem nə qədər cəhd göstərsə də, Martini keçə bilmədi.

Trekin qurumağa başlaması ilə əlaqədar bir sıra pilotlar sliklərə keçmək qərarına gəldilər.
Belə pilotlardan birincisi Audi komandasının britaniyalı pilotu Ceymi Qrin idi. Bundan sonra digər pilotlar da tədricən sliklərə keçməyə başladılar. Ən son pit-stopa yollananlardan biri yarışa rahat şəkildə liderlik edən Spenqler oldu. Ümumiyyətlə, kanadalı startdan bəri trekdə olan ən sürətli pilotlardan idi. O, təqibçiləri arasında rahat məsafə yaradaraq damalı bayrağa qədər problem yaşamadı. Peletonun ortasında isə, Ceymi Qrin, Edoardo Mortara (Mercedes-Benz) və Niko Müller (Audi) üçlüsü diqqətləri öz üzərinə çəkmişdir.
Bir müddət öncə Rokenfellerin təması nəticəsində yerində fırlanan Mortara, yenidən Qrinə çatmağa müvəffəq olmuşdu. Lakin, italyan pilotun cəhdləri öz bəhrəsini vermədi və o, Qrenin ardınca səkkizinci olaraq finiş gördü.
Norisrinqdə keçirilən yarışdan ən çox bəhrələnən komanda BMW idi - finişdə bavariyalılar ilk onluqda beş avtomobillə təmsil olunurdu.
Dubl edən pilotlarla yanaşı Vittmann, Qlok və Blomkvist üçlüsü, müvafiq olaraq, dördüncü, beşinci və altıncı finiş gördülər. Qrin və Müller yarışı yeddinci və doqquzuncu olaraq bitirdilər. İlk onluğu tamamlayan pilot isə Qəri Paffett (Mercedes-Benz) oldu.
Norisrinqdə keçiriliş ik yarışdan sonra Mattias Ekstrem 77 xalla pilotlar çempionatına liderlik edir. Onu komanda yoldaşları Rene Rast (72 xal) və Ceymi Qrin (71 xal) təqib edirlər. Komandalar çempionatına 143 xalla Audi Sport Team Rosberg başçılıq edir. Audi Sport Team Abt Sportsline 112 xalla ikinci, Mercedes-AMG Motorsport Mercedes me komandası isə 97 xalla üçüncüdür. Markalar çempionatında 309 xalla Audi liderlik edir. Mercedes-Benz 239 xalla ikinci, BMW isə 201 xalla sonuncudur.




