Bu gün Norisrinqdə keçirilən ikinci sərbəst yürüşlərdə əsas rəqabət Mercedes və Audi pilotları arasında gedib. Sessiyanın ilk 10 dəqiqəsində BMW pilotlari birinci nəticəni göstərməyə müvəffəq olsalar da, sessiyanın ilk yarısından sonra onlar üstünlüyü Ştutqart və İnqolştatdan olan rəqiblərinə veriblər.
30 dəqiqəlik sessiyanın bitməsinə az müddət qala, dövrəni 47.814 zamanla başa vuran Mercedes pilotu Lukas Auer liderliyə yüksəlib.Audi pilotlarının avstriyalının zamanını keçmək cəhdləri isə boşa çıxıb. Auerin ən yaxın təqibçisi olan Audi pilotu Rene Rast liderdən 0,143 saniyə geridə qalıb. Üçüncü nəticəni Auerin komanda yoldaşı britaniyalı Qəri Paffet göstərmişdir. Paffet liderə 0,192 saniyə uduzub.
Ümumiyyətlə, birinci sərbəst yürüşlərlə müqayisədə Mercedes pilotları ikinci sessiyada daha sürətli olublar. Belə ki, Ştutqart təmsilçisinin pilotları beş avtomobillə ilk onluğa daxil olmağı bacarıblar. Dünənki sərbəst yürüşlərin lideri olmuş Bruno Spenqler isə ilk onluqda təmsil olunan yeganə BMW pilotu olub.
Kanadalı liderə 0,276 saniyə uduzaraq altıncı nəticəni göstərib.

Audi pilotları Mayk Rokenfeller, Niko Müller və Mattias Ekstrem də ilk onluğa girməyə müvəffəq olublar. Onlar müvafiq olaraq dörd, beş və onuncu nəticəni göstəriblər. Yeddinci yerdən doqquzuncuya qədər isə, Mercedes pilotları Edoardo Mortara, Robert Uikkenz və Maro Engel sıralanıblar. Qüvvədə olan dünya çempionu Marko Vittmann isə yalnız 15-ci nəticəni göstərib. O, liderdən 0,493 saniyə geridə qalıb.
Bu gün Norisrinqdə ilk təsnifat mərhələsi və yarış keçiriəcəkdir. Bizi izləməyə davam edin!
