Bu gün Norisrinqdə keçirilən ikinci təsnifat mərhələsində BMW komandasının britaniyalı pilotu Tom Blomkvist birinci olub. Gərgin mübarizə şəraitində keçən təsnifat sessiyasında liderlik tez-tez əl dəyişdirib. Damalı bayraqdan sonra ilk iki pilotu 0,004 saniyə ayırıb.

Poul uğrunda əsasən Lukas Auer (Mercedes-Benz), Mattias Ekstrem (Audi), Bruno Spenqler və Tom Blomkvist (hər ikisi BMW) aparıblar. Pilotlar bir-birinin ardınca dövrə zamanını yaxşılaşdırdığı üçün daimi lider olmayıb. Təsnifat sessiyasının ilk yarısında Audi və Mercedes pilotları güclü olsalar da, sıralamaların ikinci yarısına Bavariyalı pilotlar hakim olublar.

Beləliklə, bu gün keçiriləcək ikinci yarışda ilk cərgədən start alan pilotlar Tom Blomkvist və Robert Uikkenz (Mercedes-Benz) olacaqdırlar. İkinci cərgədən yarışı Niko Müller (Audi) və dünənki yarışın qalibi Bruno Spenqler başlayacaqdırlar. Üçüncü cərgədə isə, Mattias Ekstrem və Lukas Auer qərərlaşıblar. Dördüncü cərgədən Maksim Marten (BMW) və Mayk Rokenfeller (Audi), beşinci cərgədən isə, Timo (BMW) Qlok və Rene Rast (Audi) yarışa başlayacaqdırlar.

Xallar uğrunda mübarizənin əsasən Bavariyalı istehsalçılar olan Audi və BMW təmsilçilərinin gedəcəyini ehtimal etmək olar. Robert Uikkenzin isə, Mercedes komandasına qələbə qazandırmaq şansının olduğunu da söyləmək mümkündür.