Audi şirkəti Q3 krossoverinin yeni nəslinın sınaqlarını intensivləşdirib. Artıq yığcam krossoverin yeni nəslinin prototiplərini İsveçın qarlı-buzlu yollarında da görübdürlər. Böyük ehtimalla, yeni Audi Q3 modelinin kütləvi təqdimatı cari ilin sonunda və yaxud gələn ilin əvvəlində baş tutacaqdır.
Əlbəttə ki, bu yeni krossoverin cəsusların obyektivlərinə rast gələn ilk prototipi deyildir. Hələ keçən ilin payız aylarında növbəti nəsil Audi Q3 modelinin kamuflyaja bürünmüş prototipləri fotocəsuslar tərəfindən çəkilmişdir. Lakin, bu günlərdə İsveçdə şəkillləri çəkilmiş prototipin digərlərindən vacib bir fərqi vardır – bu prototipdə işıq texnikasının üzərindəki kamuflyaj götürülmüşdür və artıq ön və arxa fənərlərin hansı formaya malik olması sirr deyildir.
İlkin məlumatlara görə, Volkswagen qrupunun MQB platformasında inşa edilmiş krossover sələfindən 5,8 santimetr uzun olacaqdır.
Bununla yanaşı yeni platformanın tətbiqi avtomobilin çəkisini 50 kiloqram azaltmağa imkan verəcəkdir. Q3 standart olaraq öndənçəkişli olacaqdır, firma quattro tam çəkiş sistemi ilə daha bahalı modifikasiyaların təchizatına daxil olacaqdır. Mühərrik çeşidinə gəldikdə, yeni krossver Tiguan modelindən tanış olan benzin və dizel mühərrikləri ilə təchiz ediləcəkdir. Təsdiq edilməmiş məlumatlara görə, yeni modelin 300 kilometr yürüş məsafəsi olan elektrik variantı da buraxılacaqdır.
2019-cu ildə istehsalına start veriləcək krossover BMW X1, Mercedes-Benz GLA, Jaguar E-Pace və Volvo XC40 modelləri ilə rəqabət aparacaqdır.