Audi şirkətinin yaxın zamanlarda yenilənmiş A3 ailəsini təqdim edəcəyi gözlənilir. Bu ailənin ən “bərkgedən” üzvü olan RS3 modelinin 2,5-litrlik turbomühərrikin əsasında hazırlanmış “yumşaq” hibrid ilə təchiz ediləcəyi söylənilir. Yeni Audi Rs3 modelinin 2020-ci ilin sonunda debüt edəcəyi ehtimal olunur.
Bu günlərdə yeni nəsil Audi RS3 modelinin kamuflyaja bütünmüş prototipi Nüburqrinq ətrafında qeydə alınıb. Cəsus şəkillərindən də göründüyü kimi, yeni RS3 kuzov nisbətlərini qoruyub saxlasa da, ön və arxa hissənin tamamilə yeni dizaynına malik olacaqdır. Avtomobil yeni işıq texnikasına, iri hava girişləri olan ön bamperə, son firma üslubunda radiator barmaqlığına və səsboğucu sisteminin RS modellərinə xas olan ovalşəkilli çıxış borularına sahibdir.
Alman Autobild nəşri üçüncü nəsil Audi RS3 modelinin 48-voltluq şəbəkədən qidalanan hibrid sistem ilə təchiz ediləcəyini ehtimal edir. Bənzər sistemi Audi RS Q8, RS6 Avant və RS7 Sportback modellərində tətbiq ediblər. Əlbəttə ki, Audi RS3 quattro tam ötürməsini və S tronic “robotunu” da qoruyub-saxlayacaqdır. Böyük ehtimalla, Audi RS3 modelinin mühərrikinin gücü 410 at qüvvəsi təşkil edəcəkdir. Audi RS3 Sportback modelinin 100 km/saat həddini dörd saniyədən az müddətə toplayacağı da gözlənilir.
Yeni nəsil Audi RS3 modelinin debütü 2020-ci ilin sonuna planlaşdırılıb. “Bərkgedən” modelin dəqiq debüt tarixi isə adi Audi A3 və “qaynar” S3 modellərinin tədimat tarixindən asılıdır. Alman jurnalistləri Audi RS3 modelinin qiymətinin 60 min avrodan başlayacağını proqnozlaşdırırlar.