Yeni nəsil Audi RS 6 Avant universalı tamölçülü hibrid olacaqdır. Bu barədə “Wheels” jurnalına müsahibə verən Audi Sport bölməsinin Tədqiqatlar və İnkişaf departamentinin rəhbəri Ştefan Rayl bildirib. Hibridləşdirmə cari ekoloji normaların tələblərinə uyğunlaşmağa, eləcə də dartmaya nəzarətə çeviklik əlavə etməyə imkan verəcəkdir.

Məsələn, seçilmiş idarəetmə rejiminə görə, daxili yanma mühərrikinin və elektrik üstqurumunun işini müxtəlif şəkildə kombinasiya etmək olar.

2019-cu ildə təqdim edilən dördüncü nəsil Audi RS 6 Avant universalı sələfi kimi 4,0-litrlik V8 biturbo mühərrikinə sadiq qalıb, lakin kəmərli ötürməsi olan 48-voltluq startyor-generatoru əldə etib. Bu, “bərkgedən” universalın 

hibridləşdirilməsi istiqamətində atılan ilk addım olub. Növbəti RS 6 Avant modeli daha irəli gedəcək və plagin hibridə çevriləcəkdir. Audi Sport bölməsinin Tədqiqatlar və İnkişaf departamentinin rəhbəri Ştefan Raylın sözlərinə görə, bu, CO2 emissiyasını qanuni limitlər daxilində saxlayacaq və həmçinin dartmaya nəzarəti daha çox çevik hala gətirəcəkdir.

Yeni RS 6 Avant modelinin daha güclü olacağı da istisna edilmir. Hazırda “bərkgedən” universal 600 at qüvvəsi və 800 Nm fırlanma anına malikdir. Eyni zamanda, o, daha az silindrləri olan və daha kiçik həcmli tamamilə fərqli bir mühərriki əldə edə bilər.

Məsələn, növbəti nəsil Mercedes-AMG C 63 modeli kimi. Onun elektrik mühərriki ilə birlikdə çalışan 2,0-litrlik dördsilindrli M 139 turbomühərriki 680 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir ki, bu da, 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz olunmuş əvvəlki nəsil Mercedes-AMG C 63 S 4Matic+ modelində olduğundan çoxdur.

Hibridin ardınca, “bərkgedən” universalın tam elektrik versiyası - Audi RS 6 e-tron universalı da İnqolştadt istehsalçısının model çeşidində peyda olacaqdır. Şayiələrə görə, o, Audi RS e-tron GT liftbekindən götürülmüş elektrik güc qurğusunu alacaq və 100 km/saata üç saniyəyə sürətlənəcəkdir.

Hibrid versiyanın perspektivlərini ABT Sportsline atelyesi əyani şəkildə nümayiş etdirib. Kempten təmsilçisi 1018 at qüvvəli RS6-E modelini hazırlayıb. Belə universal yerindən 100 km/saat həddinə qədər sürətlənməyə cəmi 3,3 saniyə ( - 0,6 saniyə) sərf edir. Onun maksimal sürəti isə, 320 (+ 70 km/saat) km/saatdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.