Çinin Sənaye nazirliyinin bazasında yeni nəsil Ford Mondeo modelinin şəkilləri peyda olub. Yeni Mondeo qeyri-adi görünüşə malikdir: yeni model sələfindən hiss olunacaq dərəcədə böyükdür və daha çox yerli bazarda satılan Evos krossoverini xatırladır. İlkin məlumata görə, yeni nəsil Mondeo modeli 238 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz ediləcək və Çindəki Ford-Changan birgə müəssisəsində buraxılacaqdır.
İlkin olaraq, Mondeo modelinin form-faktorunu dəyişəcəyi gözlənilirdi. Lakin dərc edilmiş şəkillərdən göründüyü kimi, o əvvəlki kimi orta ölçülü sedandır. Ölçülərinə görə yeni Mondeo sələfindən daha böyükdür. Sedanın uzunluğu 14,5 santimetr, eni və hündürlüyü isə 2-3 santimetr artıb.
Yeni modelin təkər bazası da genişlənib – bu göstəriciyə görə yeni sedan sələfini 10 santimetr üstələyir. Növbəti nəsil Mondeo modeli ön ötürməli Ford C2 arxitekturasına əsaslanır. Xatırladaq ki, Evos krossoveri də eyni platformada inşa edilib.
Çinin Sənaye nazirliyinin bazasındakı şəkillərdə sedan qara parlaq rəngli damı və dayaqları olan ikirəngli kuzova malikdir. Yeni nəsil Mondeo modeli irəli çıxan qapı tutacaqları və nazik dayaqları olan yan güzgülərlə təchiz ediləcəkdir. Salonun şəkilləri dərc edilməsə də, insayder məlumatlarına əsasən, çinlilərə məlumat-əyləncə kompleksinin 1,1-metrlik displeyi olan ən zəngin versiyalar təklif ediləcəklər.
Xatırladaq ki, Avropada satılan Ford Mondeo modelinin istehsalına 2022-ci ilin yazında son veriləcəkdir. Modelin ABŞ-da Fusion adı ilə tanınan versiyasının buraxılışına 2020-ci ildə son verilib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.