Rolls-Royce şirkətinin bu ilin sonuna qədər yeni nəsil Ghost sedanını təqdim edəcəyi gözlənilir.Yeni Ghost sedanının ilk sınaq prototipi bu ilin yanvarında qış testləri zamanı casuslara rast gəlib. Həmin prototip güclü kamuflyaja malik olub, onun kuzovu isə, avtomobilin cari nəslini təkrar edirdi.
Bu günlərdə, casuslar növbəti nəsil Rolls-Royce Ghost modelinin uzunbazalı versiyasının prototipini çəkməyə müvəffəq olublar. İlkin məlumata görə, Ghost EWB adlandırılmış uzunbazalı sedan, standart təkər bazasına malik olan avtomobildən 17 santimetr uzun olacaqdır.
Yeni Rolls-Royce Ghost modeli, onun çəkisini azaltmağa imkan verən yeni alüminium arxitekturada inşa edilmişdir. Hazırda bu platformadan yeni nəsil Phantom bayraqdar sedanın və Britaniya markasının ilk ofrouderi olan Cullinan modelinin inşasında istifadə edilir. Yeni platformadan istifadə edilməsi yarıavtonom idarəetmə sistemlərinin tətbiqinə şərait yaratmalıdır
Yeni Rolls-Royce Ghost sedanı tamçəkişli olacaqdır - tam ötürmə 6,6-litrlik V12 turbomühərrikinin və səkkiz pilləli avtomatik qutunun potensialından tam istifadə etməyə imkan verəcəkdir. Bundan əlavə, yeni sedan 48-voltluq şəbəkədən çalışan hibrid güc qurğusu və tam idarələnən şassi ilə də təchiz edilməlidir. Bu isə, aşağı sürətlərdə iri sedanın manevr qabiliyyətini yüksəltməyə xidmət edəcəkdir.
Eksteryerə gəldikdə isə, Rolls-Royce dizaynerləri təkamül yoluna üstünlük verəcəkdirlər. Təbii ki, bəzi elementlər yeni Rolls-Royce Phantom modelindən götürüləcəkdir. Bunlara misal kimi, hərəkət istiqamətinin əksinə açılan arxa qapıları, ənənəvi iri radiator barmaqlığını və lazer texnologiyalı LED fənərləri göstərmək olar.
İnteryerə gəldikdə isə, əsas dəyişikliklər avtomobilin avadanlıq siyahısında olacaqdır. Rolls-Royce Ghost modeli virtual cihazlar panelinə, proyeksiya displeyinə, müasir multimedia sisteminə və elektron yardımçıların genişləndirilmiş siyahısına sahib olacaqdır.