Honda yeni nəsil Civic Type R modelinin debütünə marağı artırmağa davam edir.Bu dəfə brendin mətbuat xidməti Yaponiyanın məşhur Suzuka trekində çəkilmiş videoçarxı yayımlayıb. "Qaynar" hetçbek önötürməli seriya avtomobillər arasında dövrə rekordunu yeniləməyə müvəffəq olub. Civic Type R modeli treki 2 dəqiqə 23,12 saniyəyə qət edib. Maraqlıdır ki, öncəki rekord da bu modelin əvvəlki nəsli tərəfindən qeydə alnmışdı.

Əvvəlki nəsil Honda Civic Type R modeli 5,8 kilometrlik Suzuka Raceway trekini 2 dəqiqə 23,99 saniyəyə qət etmişdi. Yeni "qaynar" hetçbek isə, bu nəticəni 0,87 saniyə yaxşılaşdırıb – 2 dəqiqə 23,12 saniyə. 

Eyni zamanda, yeni Honda Civic Type R modeli 231 km/saat həddinə qədər sürətlənməyi də bacarıb. Beləliklə, hot-hetç rəsmi olaraq Suzuka trekinin ən yeyin önötürməli seriya avtomobili tituluna sahib olub.

Hetçbekin salonundan çəkilmiş kadrlardan göründüyü kimi, şirkət bütün detalları vaxtından əvvəl açıqlamamaq üçün, avtomobilin cihazlar panelini bilərəkdən tündləşdirib. Yeni nəsil Civic Type R modelinin 2,0-litrlik benzin turbomühərrikini alacağı gözlənilir. Güc aqreqatı təxminən 316 at qüvvəsi hasil edəcək və beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Böyük ehtimalla, bu hot-hetç Honda markasının yalnız daxili yanma mühərriki ilə təchiz edilmiş sonuncu avtomobili olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.