Mazda CX-5 modelinin gələcək nəsil dəyişikliyi ətrafında cərəyan edən söz-söhbətlər səngimək bilmir. Biriləri modelin arxa ötürməli kross-kupeyə çevriləcəyini, digrələri isə, onun adının CX-50 olaraq dəyişdirəcəyini, üstəlik BMW ilə rəqabət aparmaq üçün daha yüksək sinifdə yerləşəcəyini iddia edirlər. Bu günlərdə insayderlər krossover üçün, növbəti nəsil Mazda6 modelinin də alacağı yeni mühərrikin hazırlandığını bildiriblər.

Yaponiyanın BestCarWeb.jp portalının bildirdiyinə görə, yeni Mazda6 və CX-50 modelləri altısilindrli mühərriki alacaqdırlar. İlkin məlumatlara görə, sıralı altısilindrli mühərrikin iş həcmi 3,0-litrə bərabər olacaqdır. Paralel olaraq, Mazda şirkəti ikinci nəsil turbodizelin üzərindəki çalışmaları davam etdirir.

Yapon jurnalistləri növbəti nəsil Mazda CX-5 krossoverinin iki kuzov variantı ilə təklif olunacağını da iddia edirlər - standart və kupşəkilli.

Bestcarweb.jp nümayəndələri krossoverin mülayim hibrid prinsipi ilə işləyəcək 300 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyini də bildiriblər.

İlkin məlumatlara görə, Mazda CX-50 modelinin təqdimatı 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində keçirilməlidir.