Növbəti nəsil Mercedes-AMG C 63 “bərkgedən” modellər ailəsi hibrid güc aqreqatı ilə təchiz ediləcəkdirlər. AMG bölümünün rəhbəri Tobias Moers bu qərarı labüd adlandırıb. Yüksək vəzifəli menecerin sözlərini “CarAdvice” nəşri dərc edib.
“Əgər hibrid güc qurğularının komponentlərindən düzgün istifadə edilərsə, alınan nəticə sizi təəccübləndirə bilər. Növbəti nəsil Mercedes-AMG C 63 modelinin hibrid olacağı şübhəsizdir”, - Moers bildirib. Mercedes-AMG C 63 ailəsindən olan modellər 476 və 510 at qüvvəsi hasil edən 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərrik ilə təchiz edilirlər. Nyu-York avtosalonunda debüt etmiş yenilənmiş Mercedes-AMG C 63 doqquz pilləli avtomatik transmissiyaya, təkmilləşdirilmiş asqıya və dəyişmiş eksteyer dizaynına malik olub.
Yenilənmiş “bərkgedən” modelləri AMG xəttindən olan digər modellərdən şaquli milləri olan radiator barmaqlığı sayəsində seçmək mümkündür. Belə radiator barmaqlığı yalnız Mercedes-AMG C63 modellərində quraşdırılır. Bundan başqa, avtomobillərin arxa diffuzorları və çıxış boruları daha iri ölçülərə malik olublar. Avtomobil əvvəlki kimi arxadan çəkişlidir, lakin idarəetmə elektronikasının proqramı gediş xarakteristikalarını yaxşılaşdırmaq məqsədi ilə yenilənibdir. Elektron idarəetməli arxa differensial artıq bütün C 63 modellərində quraşdırılır.