“Auto Express” nəşrinin sərəncamına növbəti nəsil Porsche 911 sportkarının interyerinin cəsus fotoşəkilləri daxil olub. Şəkildəki avtomobil sınaq prototipidir və gələcəkdə interyerə dəyişikliklərin ediləyəci istisna edilmir.
Dərc edilən fotoşəkillərdən göründüyü kimi, yeni nəsil Porsche 911 modelinin ön panelinin arxitekturası ciddi dəyişikliyə məruz qalmayacaqdır: sükan çarxının forması, Panamera modelindən alınmış klassik taxometri olan elektron cihazlar panelinin və mərkəzi konsolun arxitekturası dəyişilməz qalır. Eksteryer cəhətdən isə, yeni nəsil 911 modeli Mission E konseptini xatırladacaqdır. Yeni sportkarı cari modelin təkmilləşdirilmiş şassisində inşa etsələr də, onun konstruksiyasında alüminium və yüksək sərtlikli poladdan geniş şəkildə istifadə olunması sportkarın ciddi şəkildə “çəki itirməsi” ilə nəticələnəcəkdir. Yeni sportkarın mühərrik çeşidinə yalnız altı silindrli aqreqatlar daxil olacaqdır.
Bir müddət bundan öncə, alman şirkətinin rəhbəri Oliver Blum yeni nəsil Porsche 911 modelinin hybrid güc qurğusu ilə də təchiz ediləcəyini də söyləmişdi. Hibrid sportkarın 2023-cü ildə iş üzü görəcəyi ehtimal edilir.