Alman Novitec tüninq atelyesi Maserati Levante krossoveri üçün təkmilləşdirmələr proqramını hazırlamışdır. Yeni dəstin tərkibinə eksteryerin və 3,0-litrlik altı silindrli mühərriklərin təkmilləşdirilməsi daxildir.
Tərkibinə ön və arxa spoyler, arxa diffuzor və yan «ətəklər» daxil olan aerodinamik kuzov dəstinin bütün parçaları karbondan hazırlanır. Bundan başqa, Novitec mütəxəssisləri avtomobilin klirensini 25 millimetr aşağı salmağı, öndə 265/35, arxada 295/30 təkərləri olan 22-düymlük disklərini, daha güclü səsə malik olan və salondakı düymə ilə səsi tənzimlənə bilən buraxılış sistemini quraşdırmağı təklif edirlər.
Krossoverin 3,0-litrlik mühərrikinin gücü 430-dan 494 at qüvvəsinə qədər artılmışdır. Artmış güc sayəsində Levante 100 km/saat sürətini 4,8 saniyəyə toplayır ki, bu da standart variantda olduğundan 0,4 saniyə yeyindir. Krossoverin maksimal sürəti də 264-dən 272 km/saata qədər artırılmışdır. Dizel güc aqreqatı ilə təchiz edilmiş krossover artıq 275 deyil, 322 at qüvvəsinə malikdir. Eyni zamanda, mühərrikin fırlanma anı 80 Nm artaraq 680 Nm-ə bərabər olmuşdur.
Dizel mühərrikli Maserati Levante 100 km/saat həddinə 6,2 saniyə sürətlənir ki, bu da standart krossoverdə olduğundan 0,7 saniyə yeyindir.