Dəbdəbəli və ultra müasir avtomobillərin təkmilləşdirilməsi üzrə ixtisaslaşan alman atelyesi Lamborghini Huracan Tecnica superkarı üçün tüninq proqramını təqdim edib. Huracan Evo RWD superkarının gündəlik istifadə rahatlığını və Huracan STO trek canavarının imkanlarını birləşdirən unikal model, alman atelyesi üçün ənənəvi olan “nöqtəli” təkmilləşdirmələri alıb. Təkmilləşdirilmiş avtomobil standart superkardan bir neçə cizgi ilə seçilir.
Huracan Tecnica ön bamperdəki inkişaf etdirilmiş splitteri, əlavə hava girişləri olan yeni kapotu və arxa əyləcləri soyutmaq üçün inteqrasiya olunmuş hava kanalları olan yenidən işlənmiş kandarları alıb. Eksteryeridəki dəyişiklikləri tamamlamaq üçün 72 dizayn variantında təklif edilən müxtəlif ölçülü Vossen (öndə 20, arxada 21 düymlük) disklərini sifariş etmək olar.
640 at qüvvəli 5,2-litrlik V10 atmosfer mühərrikinə müdaxilə edilməyib. Texniki hissədə baş vermiş yeganə təkmilləşdirmə klirensin 35 millimetr azaldılmasıdır. Bunun üçün ya yeni yaylar və ya tənzimlənən KW koyloverlərindən istifadə olunur.
Paslanmayan polad və ya inkoneldən hazırlanmış buraxılış sistemi də mövcuddur, özü də sonuncusu 999 qızılla örtülə bilər. İnteryerə gəlincə, Novitec mütəxəssisləri Lamborghini Huracan Tecnica üçün müxtəlif rənglərdə və birləşmə variantlarda olan dəri və alkantara ilə tərtibatı təklif edirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.