Alman Novitec tüninq atelyesi McLaren GT superkarı üçün təkmilləşdirmələr dəstini hazırlayıb. Kupe yeni aerodinamik kuzov dəstinə və müxtəlif genişlikdəki nazik profilli şinlərə malik olub. Bundan başqa, superkarın buraxılış sistemi dəyişdirilmiş, asqı sistemi yenidən tənzimlənmiş və mühərriki gücləndirilmişdir.
McLaren şirkəti GT modelini gündəlik istifadə və uzun məsafələrə səyahətlər üçün nəzərdə tutulmuş əlverişli qrand-turer kimi xarakterizə edir. Buna görə də, kupe 620 at qüvvəsi və 630 Nm fırlanma anına hasil edən 4,0-litrlik V8 mühərrikə, "sakit" səsboğucu sistemə və 110 millimetrə qədər artırılmış klirensə malikdir. Novitec mütəxəssisləri isə bunun əksini ediblər və kupeni daha kompromissiz ediblər.
Çip-tüninq və paslanmayan poladdan hazırlanmış idman buraxılış sisteminin quraşdırılmasından sonra mühərrikin hasilatı 707 at qüvvəsinə və 714 Nm fırlanma anına çatıb. Yeni güc xarakteristikaları sayəsində kupenin 100 km/saata qədər sürətlənməsinə 3,0 saniyə (- 0,2 saniyə) gərəkdir. Superkarın maksimal sürəti 333 km/saata qədər artırılıb.
Eksteryerdə də yeniliklər unudulmayıb: McLaren diskləri yerini Vossen şirkətinin cütlənmiş yeddi qolları olan disklərə verib. Superkar öndə 245/30 ZR 20, arxada isə 325/25 ZR 21 ölçülü şinlər ilə təchiz edilir. Bundan başqa, superkar yeni yan ətəklərə, ön splitterə, diffuzora və üç hissədən ibarət olan arxa antiqanada sahib olub. Kuzov dəstinin bütün elementləri karbondan hazırlanıb. Sifarişçinin istəyi ilə "yumşaq" zavod yaylarını, standart yaylardan 25 millimetr qısa olan idman yayları ilə əvəzləmək mümkündür.
İnteryerin yenidən tərtib olunması opsiyadır. Oturacaqları, ön paneli və qapı kartlarını incə dəri və istənilən rəngdə alkantara üzləmək olar. McLaren Special Operations bölümünün də geniş fərdiləşdirmə variantlarını təklif etdiyini də bildirmək gərəkdir.
Novitec atelyesi McLaren GT üçün nəzərdə tutulmuş tüninq dəstinin qiymətini gizli saxlayır - aksesuarların qiyməti yalnız potensial müştərilərə açıqlanacaqdır.