Həftəsonun sonuncu sərbəst yürüşlərində ən sürətli zamana, dünənki yarışın qalibi Lukas Auer (Mercedes-Benz) imza atıb. Avstriyalı 1.21.258 zamanla Nürburqrinqdəki dövrəni qət edib.
Çıxış edən pilotlarda heç biri Lukasın göstərdiyi zamanı aşa bilməyib. Sessiyanın başlanğıcında sürətli zamanlara imza atan Audi pilotları yürüşlərin birinci hissəsinin sonunda yenidən üstünlüyü rəqiblərinə veriblər. BMW və Mercedes avtomobillərində çıxış edən pilotlar mütamadi olaraq yeyin zamanlar göstəriblər. Quru hava şəraitində keçən sərbəst yürüşlər BMW M4 DTM və Mercedes-AMG C63 DTM avtomobillərində yarışan pilotların İnqolştatlı rəqiblərindən daha üstün olduğunu göstərib.
Ardıcıl uğurlar qazanan Audi pilotlarının yavaşımasının başlıca səbəbi, Audi RS5 DTM avtomobillərinin texniki reqlamentə əsasən çəkisinin artırılmasıdır.
Beləliklə, Qəri Paffett üçüncü sərbəst yürüşlərin ikincisi olub.
Britaniyalı Auerdən 0,093 saniyə geridə qalıb. Üçüncü nəticəni də Ştutqart istehsalçısının kanadalı pilotu Robert Uikkenz göstərib - o, liderə 0,148 saniyə uduzub. Sonrakı üç yeri Münhendən olan pilotlar tutub - ən yaxşı nəticəni dördüncü olan Marko Vittmann göstərib. Onun ardınca komanda yoldaşları Tom Blomkvist və Timo Qlok sıralanıblar. Audi pilotlarının arasında ən sürətli pilot Rene Rast olub.
Alman pilot yeddinci nəticəyə imza atıb. İlk onluğu Bruno Spenqler (BMW), Edoardo Mortara (Mercedes-Benz) və Mayk Rokenfeller (Audi) tamamlayıblar. Bu gün həftəsonunun son təsnifat sessiyası və yarışı keçiriləcəkdir.
