Şənbə günü Nürburqrinqdə keçirilən ilk yarış maraqlı anlarla bol olub. Yarışın başlanğıcı BMW pilotu Auqusto Farfusun möhtəşəm startı ilə yadda qalıb.
Braziliyalı pilot əla start götürərək əvvəlcə Robert Uikkenzi, sonra isə ilk cərgədən yarışı başlayan Lukas Aueri və Marko Vittmannı arxada qoymağı bacarıb. Bundan sonra, braziliyalı sürətlə təqibçilərindən aralanmağa başlayıb. Yaş asfaltda sürətli olan Mercedes pilotları lideri təqib etməyə çalışıblar. Auer, di Resta və Uikkenz digər rəqiblərinə keçiş imkanı verməsələr də, Farfusun tempinə ayaq uydura bilməyiblər.
Pilotlar çempionatının lideri Mattias Ekstrem (Audi) Timo Qloku (BMW) müəyyən müddət təqib etsə də, sonunda onu keçməyə müvəffəq olub. Arxada Qəri Paffett də aktiv olub - əvvəlcə Bruno Spenqleri (BMW) arxada qoyan britaniyalı pilot sonradan Maro Engeli (Mercedes-Benz) və Rene Rastı (Audi) ötməyə müvəffəq olub. Lakin bir müddət sonra, döngələrin birində buraxdığı səhv, Qərinin avtomobilinin yerində fırlanması ilə nəticələnib.
Tədricən quruyan asfalt, bir çox pilotu pit-stopa yollanaraq slik təkərlərinə keçməyə sövq edib. Lakin, sonradan güclənən yağış onların xal qazanmaq şansını heçə endirib. Belə pilotlardan biri də Auqusto Farfus və Mattias Ekstrem olublar. Yarışa liderlik edən braziliyalı və beşinci yerdə yarışı davam etdirən isveç pilot 19-cu dövrədə slik təkərlərin arxasınca pitə yollanıblar. Bir neçə dövrədən sonra güclənən yağış Auqustonun qələbə, Mattiasın isə xal qazanmaq ümidlərini alt-üst edib.
26-cı dövrədə pitə yollanan Pol di Resta uğurlu strategiya sayəsində liderliyə yüksəlib. Komanda yoldaşından iki dövrə əvvəl pit-stop edən Lukas Auer isə pitdən çıxan di Restanın arxasında qalıb. Yarışın bitməsinə bir dövrə qalmış, komandanın göstərişi ilə şotland pilot birinciliyi komanda yoldaşına təslim edib. Bu yerdəyişmə Lukas Auerə pilotlar çempionatında Mattis Ekstremlə olan xal fərqini bir xala endirməyə imkan verib və avstriyalı pilotu yenidən titul uğrunda mübarizəyə qaytarıb.
Nürburqrinqdə keçirilən birinci yarışdan sonra Mattias Ekstrem 128 xalla pilotlar çempionatına liderlik edir. Beşinci yerdə finiş görən Rene Rast xallarının sayını 124-ə çıxararaq üçüncü yerdə qərarlaşıb. Komandalar çempionatına əvvəlki kimi, 231 xal toplamış Audi Sport Team Rosberq komandası başçılıq edir. Onları 177 xalla Audi Sport Team Abt Sportsline komandasından olan həmkarları təqib edir.
Nürburqrinqdə mühüm xallar qazanmış BWT Mercedes-AMG Motorsport komandası isə üçüncülüyə yüksəlib.
Audi 536 xalla markalar çempionatına inamla başçılıq edir. Nürburqrinqdəki birinci yarışda uğurla çıxış edən Ştutqart istehsalçısı 442 xal toplayaraq ikinciliyə yüksəlib. BMW 413 xalla autsayderdir.












