Bundan əvvəlki xəbərimizdə, DTM yarışlarının hər zaman möcüzələrə açıq olduğunu söyləmişdik. Bazar günü keçirilən yarış bunun əyani sübutu oldu.

Məlum olduğu kimi, mövsümün bitməsinə iki mərhələ qalmış, pilotlar çempionatındakı mübarizə yenidən var gücü ilə alovlanıb. Bu il çempionluq titulunu əldə etməkdə iddialı olan Audi komandasının isveç pilotu Mattias Ekstemin əsas rəqibi Mercedes-Benz komandasının gənc avstriyalı pilotu Lukas Auerdir. Nürburqrinqdə keçirilən brinci yarışdan sonra rəqiblər arasındakı xal fərqi minimuma enib.

Mövsümün 14-cü yarışı öncəsi iki pilotu 1 xal ayırırdı. Bazar günü keçirilmiş sıralama sessiyasından sonra Ekstremin lideriyini qoruyub-saxlayacağı qaranlıq görünürdü. İsveç pilot yarışa 14-cü yerdən başlayacaqdı. Lukas Auer isə, daha yaxşı mövqedən - 4-cü yerdən start götürəcəkdir. Bu Mercedes pilotunun qələbə şanslarını artırırdı. Mattiasın bu yarışda qələbə çalmaq şansları isə sıfıra bərabər idi.

Yarışın startı Mercedes-Benz komandasının şotland pilotu Pol di Restanın möhtəşəm sıçrayığı ilə yadda qaldı. Di Resta poulun sahibi olan Marko Vittmannı arxada qoyaraq yarışın liderliyini ələ keçirdi. Startdan sonra peleton boyu Mercedes və BMW pilotlarının mübarizəsi müşahidə olunurdu. İlk dövrədən sonra erkən pit-stopdan yararlanmaq istəyən Mayk Rokenfeller və Rene Rast təkər dəyişməyə yollandılar. Lakin, sonrakı hadisələr bu strategiyanın yanlış olduğunu göstərdi. Yarışın liderləri isə, Nürburqrinqdə toplaşmış tamaşaçılara həyəcanlı anlar yaşadırdılar.

Qüvvədə olan dünya çempionu ciddi cəhdlə itirilmiş liderliyi geri qaytarmağa çalışırdı və 16-cı dövrədə buna müvəffəq oldu. Start-finiş düzlüyündə DRS-dən istifadə edən alman pilot şotland rəqibini birinci döngədə arxada qoydu. Bir dövrə sonra hər iki pilot eyni anda pitə yollandılar. Vittmannın pit-stopu problemsiz ötüşsə də, di Resta mexnikləri tərəfindən gecikdirildi.

Sonrakı hadisələr bu gecikmənin şotland pilotu qələbədən etdiyini göstərdi.

Bəlkə də çempionluq titulunun taleyini həll edəcək hadisə 6-ci dövrədə baş verdi - di Resta və Vittmannı təqib edən Lukas Auer döngələrin birində idarəetməni itirərək trekdən çıxdı. Bu səhv nəticəsində avstriyalı peletonun sonuna düşdü. Bu, yarışı 14-cü başlamış Mattias Ekstrem üçün bir möcüzə idi.

Pit-stopa getməyən isveç pilot qısa da olsa liderliyə qədər yüksəldi. Pit-stopdan sonra 12-ciliyə düşən Ekstrem yeni şinlərin hesabna rəqiblərini keçərək 7-ciliyə kimi yüksəldi. Finişə az dalmış Ceymi Qrin komanda yoldaşını irəli buraxaraq,  Ekinin yarışı altıncı yerdə bitirməsinə yardım etdi. Lukas Auer isə buraxdığı səhvdən sonra özünə gələ bilmədi və yarışı 13-cü olaraq bitirdi.

Uğurlu pit-stop strategiyası sayəsində Mercedes komandasının kanadalı pilotu Robert Uikkenz yarışın liderliyinə yüksəldi və damalı bayrağı birinci görərək bu mövsümdəki ilk qələbəsini əldə etdi.. Pol di Resta isə Vittmannı keçərək Mercedes-Benz komandasına növbəti dublu qazandırdı.  

Beləliklə, mövsümün 14-cü yarışından sonra pilotlar çempionatına 136 xalla Mattias Ekstrem başçılıq edir. Lukas Auer 127 xalla ikinci, Rene Rast isə 124 xalla üçüncüdür. Komandalar çempionatında ilk iki yeri Audi kollektivləri tutur. Üçüncü yerin sahibi isə yenidən BMW Team RBM komandası olub. Markalar çempionatında 550 xal toplayan Audi liderliyini davam etdirir.

Nürburqrinqdə vacib xallar əldə edən Mercedes-Benz onların sayını 498-ə çatdıraraq ikinci yerdə möhkəmlənib. BMW 450 xalla üçüncüdür.

Çempionatın növbəti mərhələsi 22-24 sentyabr tarixlərində Şpilberqdəki Red Bull Ring avtodromunda keçiriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt