DTM çempionatını izləyənlər bu həftəsonu növbəti mərhələnin Nürburqrinq avtodromunda keçirildiyindən agahdırlar. Məlum olduğu kimi, cümə günü ilk sərbəst yürüşlər keçirilir.
Adətən bu trekdə yarışlar soyuq, yağmurlu hava şəraitində keçir. Bu gün də qaydalardan istisna olmayıb - Nürburqrinq çempionat iştirakçılarını yağmurlu hava ilə qarşılayıb.
30 dəqiqəlik sərbəst yürüşlərdə Mercedes pilotları Qəri Paffett və Pol di Resta hökmüranlıq sürdürüblər. Onların Bavariyadan olan rəqiblərinin (bəli, Audi və BMW hər ikisi Bavariya istehsalçısı sayılır) bu iki Mercedes pilotuna qarşı heç bir şansı olmayıb. Qeyd etmək lazımdır ki, ən yeyin zaman mütamadi olaraq bu iki pilot tərəfindən göstərilibdir.
Sərbəst yürüşlərin bitməsinə saniyələr qalmış yürüşlərə liderlik edən Pol di Resta həmyerlisi Qəri Paffett tərəfindən ikinciliyə düşürülüb. Qəri final dövrəsində 1.36,959 zaman imza ataraq liderlik kürsüsünə oturub. Pol di Resta isə liderdən 0,091 saniyə geridə qalıb.
Üçüncü və dördüncü nəticəni BMW pilotları Auqusto Farfus və Marco Vittmann göstəriblər. Onlar liderdən müvafiq olaraq 0,193 və 0,393 saniyə geridə qalıblar.
Ümumiyyətlə, Münhen komandasının pilotları tam tərkibdə ilk onluğa daxil olmağı bacarıblar. Maksim Marten və Tom Blomkvist altıncı və yeddinci, Bruno Spenqler və Timo Qlok doqquzuncu və onuncu olublar. Beşinci nəticəni Audi komandasının üzvü Rene Rast göstərib. O, liderdən 0,886 saniyə geridə qalıb.
Audi komandasının İsveçrəli pilotu Niko Müller də ilk onluğa daxil olmağı bacarıb - o, səkkizinci nəticəyə imza atıb.
