Pandemiya dövründə karantin tədbirləri avtomobil satışlarının sürətlə enməsinə yol açıb. Amma rəsmi avtomobil dilerləri yeni yollar axtarır. Nurgün Motors internet üzərindən servis və satışlar üzrə yeni xidmətlər təklif edir. Bu haqda Nissan Azərbaycan salonunun müdiri Eyyub Eyyubovla danışdıq.
Nurgun Motors nə zamandan Azərbaycan bazarında fəaliyyət göstərir?
Şirkətimiz 1996-cü ildən Azərbaycan avtomobil bazarında fəaliyyətə başlayıb. Dünyaca məşhur və nəhəng avtomobil brendlərinin ölkəmizdə rəsmi təmsilçisiyik.
Hansı avtomobil markalarını təmsil edirsiniz?
Nurgün Motors dünyaca məşhur markalar olan Nissan, Infiniti, Ford və Renault avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur. Şirkətin əsas fəaliyyət istiqamətləri bu markadan olan avtomobillərin satışı və servis xidmətlərinin təşkili, habelə ehtiyat hissələrinin və avtomobil aksesuarlarının pərakəndə satışından ibarətdir.
Pandemiya və karantin satışlara necə təsir edib?
Pandemiya ümumilikdə əksər biznes sahələrinə öz mənfi təsirini göstərmiş oldu, lakin hesab edirəm ki, daşınmaz əmlak, turizm və avtomobil sektoru ən ciddi zərbə alan sahələrdir. Xüsusi karantin rejiminin tətbiq edildiyi aprel ayında, satışların ciddi şəkildə azalması müşahidə olunub.
Bu dövrdə hansı anti-böhran tədbirləri və yenilklər həyata keçirilib?
Bildiyiniz kimi, bir çox satış obyektləri ilə birlikdə, avtomobillərə texniki təmir xidməti istisna olmaqla, avtosalonların karantin rejimi çərçivəsində bağlı qalması tələb olunurdu.
Karantin rejiminində müştətilərinə maksimum xidmət göstərmək məqsədilə servis sahələrinin dezinfeksiyası həyata keçirlib. Müştərilərin və eləcə də xidmət personalının təhlükəsizliyinin təmin etmək və insanlar arasında təmasın minimuma endirilməsi üçün müvafiq qaydalar tətbiq olunub. Xidmətə qəbul olunan maşınların təhvil-təslimi zamanı əsaslı dezinfeksiya işləri həyata keçirilib.
Bundan başqa, müştərilərlə rəqəmsal vasitələr üzərindən ünsiyyəti artırmağa başladıq və bunu uğurla həyata keçirdiyimizi düşünürəm.
Rəsmi saytlarımızda və sosial şəbəkələrdəki səhifələrimizdə onlayn servis xidməti və satışı stimullaşdıran tətbirlər həyata keçirmişik.
İnternet vasitəsi ilə onlayn satışlar nə qədər böyük maraq cəlb edib? Satışlara təsiri olubmu?
Öncə qeyd etdiyim kimi, pandemiya dövründə biz avtomobil sektoru olaraq onlayn servis və satış xidmətləri tətbiq etdik. Doğrudur, böyük gözləntilərimiz olmasa da, müştərilərimizə bu xidməti göstərmək qərarına gəldik.
Şərtlərə görə, müştəri evdən çıxmadan, sənədləşmə üçün hansısa dövlət qurumuna və ya banka getmədən, yəni karantin qaydalarını pozmadan sifarişini edib, avtomobilini qapıda təhvil almalı və ya müştərilərə qapıda təhvil-təslim şərtlərilə servis xidmətləri göstərilməli idi. İlk zamanlarda bu xidmətin yalnız servis müştərilərinə maraqlı ola biləcəyini düşünürdük. Çünki avtomobil kifayət qədər bahalı əşya hesab olunur, onu almaq qərarını, adi şəraitdə belə, qəbul etmək çətindir, o ki qaldı karantin şəraitində. Yəni, insan avtomobillə yaxından tanış olmadan, fiziki baxış keçirmədən, ona toxunmadan və sınaq yürüşü etmədən qərar verməkdə çətinlik çəkir. Qeyd edək ki, onlayn servis xidməti ilə yanaşı, avtomobillərin onlayn satışı halları bəzi müştəriləri cəlb edib. Hətta, müəyyən satışlar da həyata keçirilib.
Bir çox sayda müştərilər isə, sonradan salona müraciət etmək şərti ilə qeydiyyata düşüblər. Bu isə, artıq avtomobil sektorunda da müştərilər ilə yeni ünsiyyət formasının yarandığının göstəricisi hesab oluna bilər.
Onlayn alıcılar kimdir? Hansı sinif avtomobillərə daha çox maraq var?
İnternet üzərindən müraciət edənlərin böyük əksəriyyəti gənc nəslin nümayəndələridir. Amma sevindirici haldır ki, orta nəslin nümayəndələri də bu istiqamətdə aktivlik göstərməyə başlayıblar.
Daha çox maraq, əsasən, orta və aşağı qiymət kateqoriyasında olan avtomobillərədir.
Onlayn alıcılara hansı güzəşt və əlavə xidmətlər göstərilir?
Biz onlayn alıcılar üçün xüsusi təklif paketi hazırladıq və bu təkliflər hazırda qüvvədədir. Onlayn satış vasitəsi ilə avtomobilləri nağd, barter və kredit şərtləri ilə əldə etmək mümkündür. Bu zaman müştəriyə qeydiyyat xərci, icbari sığorta və 1 illik ödənişsiz servis xidməti hədiyyə edilir, o cümlədən sınaq yürüşü və alınmış avtomobilin çatdırılması pulsuzdur. Qeyd edim ki, Nurgün Motors avtomobillərə 5 il və ya 155.000 km-ə qədər rəsmi zəmanət verir.
Post karantin dövründə bu xidmət aktuallığını saxlaya biləcəkmi?
Karantin dövründən sonra bu prosesin qismən aktuallığını saxlayacağını düşünürük. Avtomobil alıcısı alış qərarı verərkən fiziki təmas, canlı müşahidə və digər əsaslarla seçim etməyə alışıbdır. O cümlədən, son qərar verməmişdən öncə, müştəri üçün ən önəmli hadisələrdən biri də sınaq yürüşüdür ki, bunun üçün də, müştəri satış mərkəzlərini ziyarət etmək istəyəcəkdir. Lakin, buraya qədər olan bir çox mərhələni tez və səmərəli keçməyin yolunun onlayn müraciət olduğu məlumdur və hesab edirik ki, gələcəkdə bu xidmət karantin dövründən əvvəlki vaxtlara nisbətən daha aktual olacaqdır.
Gələcəkdə onlayn xidmətlərin inkşafı üçün hansı planlarınız var?
Bu suala cavab vermək bir az çətindir, çünki biznes mühitində görüləcək bütün işləri bazarda yaranan tələblər müəyyən edir. Hazırda müxtəlif istehsalçıların rəsmi səhifələrdə 3D vizualizasiyası formasında avtomobillərin rəngi, daxili və xarici görünüşü, o cümlədən təchizatı və funksionallığı haqda ilkin məlumat əldə etmək və bunu əyani şəkildə görmək mümkündür. Belə xidmətlərin tətbiqi, daha çox müştərilərin salonlara ortalama ziyarət sayının minimum endirilməsinə köməklik göstərir. Hesab edirik ki, onlayn xidmətlərə tələbat olduqca, bu istiqamətdə inkişaf planları həyata keçiriləcəkdirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.