Yapon premium avtomobil istehsalçısı olan İnfiniti şirkəti yeni iri krossoverin təqdim ediləcəyi barədə bəyanat vermişdir. Rəsmi təqdimatı 14 aprel tarixində işinə başlayacaq Nyu-York avtosalonunda keçiriləcək yeni modelin ilk tizeri də dərc edilmişdir.
Maraqlı fotoşəkili dərc edən yaponlar eyni zamanda avtomobil haqqında heç bir məlumat verməmişdirlər. Hətta, modelin adı belə açıqlanmamışdır. İlkin məlumatlara görə, tizerdə təsvir edilmiş avtomobil İnfiniti QX80 ofroderinin yenilənmiş variantıdır. Dərc edilmiş tizerdən də göründüyü kimi, krossover tamamilə yeni işıq texnikasına, radiator barmaqlığının formasına sahib olmuşdur.
Üslub cəhətdən yeniliklər QX Inspiration və QX50 konseptlərində tətbiq edilmiş formaları xatırladır. Yeri gəlmişkən, İnfiniti QX80 ofroderi Nissan Armada modelinin daha lyuks variantı sayıla bilər. Cari nəsil İnfiniti QX80 ofroderi 400 at qüvvəli 5,6-litrlik V8 mühərriki və yeddi pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.