Lexus şirkəti yeni nəsil LS sedanının LS 500 F Sport modifikasiyasını təqdim etmişdir. Bayraqdar sedanın eksteryer və interyeri dəyişdirilmiş, həmçinin təchizat siyahısı genişləndirilmişdir.
Lexus LS 500 F Sport modelinin seçilən xüsusiyyətləri başqa radiator barmaqlığı, ön bamperdəki xüsusi hava girişləri, yeni yan ətəklər, 20-düymlük təkər diskləri və aqressiv arxa bamperdir. Yaponlar radiator barmaqlığının hazırlanmasına beş ay sərf etdiklərini bildirmişdirlər. Bundan başqa, məhz bu modifikasiya üçün Ultra White rəngi təklif ediləcəkdir.
Yeni modifikasiyanın salonunda oturacaqların üzlənməsi dəyişdirilmiş, alüminium işləmələr və pedalların metal örtükləri, «idman» sükan çarxı və hərəkət edən «quyuları» olan cihazlar paneli quraşdırılmışdır.
Belə cihazlar paneli ilə LFA və RC F Sport modelləri də təchiz edilir.
LS 500 F Sport öndə altı, arxada isə dörd silindrləri olan əyləc mexanizmlərini əldə etmişdir. Bununla bərabər, arxadan çəkişli LS 500 F Sport modeli üçün Handling opsional dəsti də təklif edilir. Bu dəstin tərkibinə proqressiv sükan sistemi, tam idarələnən şassi, xüsusi tənzimləmələri olan pnevmatik asma və Active Stabilizer köndələn dayanıqlılıq stabilizatoru daxil edilmişdir. F Sport modifikasiyasının güc qurğusunun təkmilləşdirilməsi nəzərdə tutulmamışdır. Avtomobil 415 at qüvvəli iki turbokompressorlu V6 mühərriki və 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 60 mil/saat (96 km/saat) sürətini arxadan çəkişli sedan 4,5 saniyəyə toplayır.
Sedanın hibrid modifikasiyasını F Sport variantında da sifariş etmək olar. Hibrid sedanın 354 at qüvvəli hibrid qurğusunun tərkibinə iki elektromotor, V6 mühərriki, dörd pilləli «avtomat» və variator daxildir.