Lincoln şirkəti, Nyu-York avtosalonunda debüt edəcək yeni nəsil Navigator ofroderinin ilk tizerini dərc etmişsir. Təsvirdən göründüyü kimi, yeni ofroder keçən il Nyu-Yorkda nümayiş etdirilmiş Navigator Concept prototipi ilə bənzərlik daşıyacaqdır.
Konseptual ofroder “qağayı qanadları” üslubunda iri qapıları, mərkəzi dayağın olmaması və 30 istiqamətdə tənzimlənən oturacaqları ilə seçilirdi. Bundan başqa, konsept rəqəmsal cihazlar paneli, multimedia sisteminin iri displeyləri və baqajda quraşdırılmış paltar şkafı ilə təchiz edilmişdi. Dərc edilmiş tizerdə, avtomobilin konseptdəkinə bənzər radiator barmaqlığı və ön işıq texnikası ilə təchiz edildiyini görmək olar. Bundan başqa, markanın embleminin işıqlandırıldığı da nəzərə çarpir.
Belə işıqlandırmanın seriya modelində olacağı hələlik sirr olaraq qalır. Bu tizerin xüsusiyyətlərindən biri də ola bilər. Çox güman ki, yeni Navigator modeli Ford F-150 modelinin platformasında yığılacaqdır. Alüminium kuzov və yeni platforma avtomobilin çəkisini ciddi şəkildə azaltmalıdır. Böyük ehtimalla, ofroder standart olaraq 400 at qüvvəsi gücü olan 3,5-litrlik iki turbokompressorlu V6 mühərriki ilə təklif ediləcəkdir. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.