Nissan şirkəti Nyu-Yorkda keçiriləcək avtosalonda unikal GT-R modelini nümayiş etdirəcəkdir. Bu polis xidməti üçün hazırlanmış xüsusi sportkardır. Patrul avtomobili 2017-ci ilin modelinin bazasında yaradılsa da donorundan bir qədər seçilir.
Sportkar, amerikan polis avtomobillərinə xas olan ənənəvi sayrışan işıqlar, stroboskop və iri kenqurindən başqa, karbondan hazırlanmış “geniş” kuzov dəstinə və iri antiqanada sahib olmuşdur. Bundan başqa, patrul sportkarı qara-qızılı rəng sxemi, iri diametrli təkər diskləri və tənzimlənən amortizatorları olan asma sistemi ilə təchiz edilmişdir.
Yenilənmiş Nissan GT-R modeli 570 at qüvvəli 3,8-litrlik V6 turbomühərriki ilə təchiz edilir. Yenilənmiş avtomobil sələfinə nisbətən daha sərt kuzova və təkmilləşdirilmiş asma sisteminə malik olmuşdur. Əlavə olaraq, GT-R yeni buraxılış sisteminə sahib olmuşdur. Sportkar 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir və 315 km/saat maksimal sürətə malikdir.