Bu gün Nyu-Yorkda keçirilən avtosalunun çərçivəsində “Dünya üzrə ilin avtomobili” müsabiqəsinin qalibi müəyyən edilib. Nüfuzlu mükafata Volvo XC60 krossoveri layiq görülüb. İsveç krossoveri Range Rover Velar ofroderinin və Mazda CX-5 krossoverinin “kürəklərini yerə vurmağa” nail olub. Bu Volvo XC60 modelinin Şimali Amerika qitəsindəki ikinci qələbəsidir.
İlin əvvəlində Volvo XC60 modeli «İlin şimaliamerikan minik və yolsuzluq avtomobili» müsabiqəsinin qalibi olub. Bundan başqa, «Nümayəndəlik avtomobili», «Sportkar», «Şəhər avtomobili», «Yaşıl avtomobil» və «Ən yaxşı dizayn» kateqoriyalarında da qaliblər müəyyən edilib. «Nümayəndəlik avtomobilləri» kateqoriyasında - Audi A8 sedanı Porsche Cayenne, Porsche Panamera modellərinə qalib gəlib. «Sportkar» katerqoriyasında - BMW M5 Honda Civic Type R və Lexus LC 500 məğlub edib. «Yaşıl avtomobil» kateqoriyasında qalib Nissan Leaf modeli olub. O, BMW 330e iPerformance və Chrysler Pacifica Hybrid modellərini geridə qoyub. «Şəhər avtomobili» kateqoriyasında Volkswagen Polo rəqibləri Ford Fiesta, Suzuki Swift modellərinə qalib gəlib.
«Ən yaxşı dizayn» mükafatını Range Rover Velar qazanıb. Onun rəqibləri Lexus LC 500 və Volvo XC60 olubdur.