Hyundai şirkətinin premium subbrendi olan Genesis markası Nyu-York avtosalonuna Essentia adlı konseptual elektrik sedanını gətirib. Bu konseptin dizaynı üzərində həmyerlimiz Samir Sadıxov işləyib. Marka nümayəndələrinin bildirdiyinə görə, konsept Genesis modellərinin gələcək dizaynından xəbər verir. Elektromobilin seriya variantı 2022-ci ildə işıq üzü görəcəkdir.
Konsept karbondan hazırlanmış yeni şassidə inşa edilibdir. Elektromobil Gran Turismo avtomobillərinə xas olan cizgilərə əsaslanan futuristik dizayna malik olubdur. Genesis Essentia “kəpənək qanadları” adlandırılan qapılar, işıqdiodlarından optikası və uzun kapotu ilə seçilir. Konseptin işıq texnikasının cütlənmiş forması bir müddət bundan öncə nümayiş etdirilmiş GV80 konseptini xatırladır.
Konsept sifətin tanınması və barmaq izinin yoxlanılması sistemi ilə təchiz edilir. Sonuncu sistem qapıların açılması və bağlanmasına cavabdehdir. Genesis Essentia modelinin salon tərtibatında müxtəlif rəngli dəridən, alüminium və karbon lifindən istifadə edilibdir. Ön konsolda avtomobilin funksiyalarını idarə etməyə imkan verən geniş formatlı displey və rəqəmsal cihazlar paneli yerləşdirilib.
Quraşdırılmış səslə idarələnən yardımçı marşrut tövsiyyə etmək, ağıllı evin sistemlərinə, smartfona və digər qurğulara qoşulmaq imkanına malikdir. Bundan başqa, multimedia sistemi vasitəsi ilə ödənişlər etmək də olar.
İstehsalçı konseptin elektrik ötürməsi ilə hərəkətə gəldiyini bildirsə də, güc qurğusu barədə heç bir məlumat verməyib. Yeganə məlum olan Genesis Essentia modelinin 100 km/saat sürətini üç saniyəyə toplamasıdır.