Hyundai şirkətinə məxsus olan Genesis subbrendi Nyu-York avtosalonunda G70 sedanının Şimali Amerika üçün nəzərdə tutulmuş variantını nümayiş etdirib. Avtomobil Cənubi Koreyada satılan variantdan təchizatı ilə seçilir. Məsələn, arxa çəkişli sedanı opsional mexaniki ötürmələr qutusu ilə sifariş etmək mümkündür.
ABŞ bazarında satılacaq Genesis G70 modelinin mühərrik çeşidinə 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik altı silindrli biturbomühərrik, həmçinin 252 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik daxil edilib. Bütün güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.
Sedan iki növ transmissiya - arxa və tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Genesis G70 modelinin qabarit uzunluğu 4685 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə 1400 millimetrdir. Sedanın təkər bazasının uzunluğu 2835 millimetr təşkil edir. Sedanın interyerində idman ruhu hökmranlıq edir: aşağı səviyyədə quraşdırılmış oturacaqlar, iri mərkəzi tonnel, sürücüyə tərəf döndərilmiş mərkəzi konsol və analoq cihazlar paneli bunun bariz nümunəsidir.Genesis markası israrla virtual cihazlar panelini tətbiq etmək imtina edir.
Bununla belə, Apple CarPlay, Android Auto və MirrirLink funksiyalarını dəstəkləyən multimedia sistemi səkkiz düymlük sensorlu displeyə malikdir.
Bundan başqa, avtomobilin təchizatına Kakao firması ilə birgə hazırlanmış səslə idarəetmə sistemi də daxil edilib. Modelinin top variant olan Genesis G70 Sport sedanının interyerinin tərtibatında alüminium, bahalı nappa dəridən istifadə edilir. Top variant üçün bahalı Lexicon səs sistemi də təklif edilir. Yeni model zəngin siyahıya malik olan təhlükəsizlik sistemləri kompleksi ilə də təchiz edilir.
Bunların arasında doqquz təhlükəsizlik yastığı, kor zonalara nəzarət, zolaqda saxlama və avtomatik əyləcləmə sistemləri də vardır.
Sonuncu nəinki piyada və velosipedçiləri aşkar edərək qəzanı önləyə bilir, qəza qaçınılmaz olduqda piyadaya dəyəcək xəsarəti azaltmaq üçün aktiv kapotu işə salır.
Qeyd etmək lazımdır ki, Genesis G70 modelinin top variantı Sport indeksini daşıyır. Bu modifikasiya özüqapanan differensiala, gücləndirilmiş Brembo əyləc mexanizmlərinə, elektronika ilə idarələnən amortizatorlara, Launch control sisteminə, aktiv sükan mexanizminə və 19-düymlük təkər disklərinə sahibdir.
Genesis G70 Sport 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürətə malikdir. İdman dəstini 2,0-litrlik benzin mühərrik olan sedan üçün də sifariş etmək olar. Bu halda, mühərrikin gücü 252 at qüvvəsi deyil simvolik olaraq 255 at qüvvəsi olacaqdır.