Jaguar şirkəti ən güclü və yeyin olan F-Pace krossoverini təqdim edib. F-Pace SVR adını almış avtomobilin təqdimat mərasimi Nyu-York avtosalonunda keçiriləcəkdir. “Bərkgedən” krossover yenidən tənzimlənmiş amortizatorlara, daha sərt yaylara, aktiv arxa differensiala və yüngülləşdirilmiş buraxılış sisteminə sahib olub.
Jaguar F-Pace SVR 510 at qüvvəsi və 680 Nm hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki ilə hərəkətə gəlir.
Krossover yerindən 100 km/saat həddinə sürətlənməyə 4,3 saniyə sərf edir. Onun maksimal sürəti 283 km/saatdır. “Bərkgedən” krossover adi modeldən ön bamperdəki genişləndirilmiş hava girişləri, qanadlarda və kapotdakı havalandırma girişləri, kandar əlavələri və arxa spoyler ilə seçilir. Krossover sərtliyi 30% artırılmış ön və 10 artırılmış arxa yaylar ilə təchiz edilir.
Yeni köndələn dayanıqlılıq stabilizatoru sayəsində kuzovun yana əyilmələri 5% azaldılmışdır.
“Bərkgedən” F-Pace SVR modeli standart səsboğucu sistemdən 6,6 kiloqram yüngül olan və aktiv çəpərciklər ilə təchiz edilmiş buraxılış sisteminə, həmçinin elektronika ilə idarələnən arxa differensiala sahibdir.Krossover üçün xüsusi olaraq adaptiv asqının, sükan gücləndiricisinin və idarəetmə elektronikasının rejimlərini dəyişmə sisteminin proqramı yenidən yazılıbdır.
Jaguar F-Pace SVR modelinin təchizatına güclü yan dəstəyi olan idman oturacaqları, ötürmə qutusunun alüminiumdan hazırlanmış sükanaltı dəstəkləri, 10-düymlük sensorlu displeyi olan və 4G LTE rabitə əlaqəsini dəstəkləyən multimedia sistemi və 12,3-düymlük rəqəmsal cihazlar paneli daxildir. Xatırladaq ki, Jaguar F-Pace modeli Azərbaycan bazarında təklif edilmir.