Maserati şirkəti Nyu-Yorkda keçirilən avtosalonda tarixində ən güclü və yeyin seriya modelini –Levante Trofeo krossoverini təqdim edib. “Bərkgedən” krossover Ferrari şirkətnin yaratdığı səkkiz silindrli mühərrikə, həmçinin launç-kontrolu və IVC dayanıqlılığa dinamik nəzarət sisteminə sahib olub.
Maserati Levante Trofeo 590 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 3,8-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz olunur. Aqreqat yeni turbokompressorlara, silindr bloku başlığına, dirsəkli vala və klapanlarına sahib olub. Mühərrikin elektron blokunun proqramı yenidən yazılıbdır. Güc aqreqatı səkkiz pilləli avtomatik transmissiya və Q4 tam çəkiş sistemi ilə tandemdə çalışır. Levante Trofeo 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 300 km/saatdır.
“Bərkgedən” krossover adi modeldən 22-düymlük təkər diskləri, dəyişdirilmiş yan havalandırma dəlikləri, ön hava girişlərindəki şaquli “ülgüclər” və karbonplastikdən hazırlanmış spoyleri, həmçinin arxa bamperdəki üfüqi karbon detalla seçilir. Avtomobilin yan kuzov əlavələri, mühərrikinin qapağı və interyer elementləri karbondan hazırlanıb. Modelin təchizatına matrisa tipli işıqdiodlarından fənərlər, dəri idman oturacaqları, 17 dinamiki olan Bower&Wilkins səs sistemi və idman əyləc mexanizmləri daxildir.
ABŞ və Kanadadakı müştərilər üçün Levante Trefeo launch edition məhdudlaşdırılmış seriyası buraxılacaqdır. Krossoveri səkkiz unikal rəngdən birinə boyamaq, 21 və yaxud 22 düymlük təkər diskləri, həmçinin salonun sarı tikişləri olan qara dəri ilə üzlənməsini sifariş etmək olar.
Maserati Levante Trofeo modelinin qiyməti açıqlanmayıb.
Bu günə qədər Maserati şirkətinin model cərgəsində ən güclü model Quattroporte GTS sedanı sayılırdı. Onun 3,8-litrlik mühərriki 530 və 650 Nm fırlanma anına malikdir.