Mercedes-Benz şirkəti adi C-Class sedan, universal, kupe və kabrioletindən sonra bu ailədən olan “bəkgedən” AMG modellərini də yeniləyib. Yenilənmiş Mercedes-AMG C63 ailəsinin üzvləri bu gün işinə başlamış Nyu-York avtosalonunda geniş kütlə qarşısına çıxacaqdırlar.
Yenilənmiş “bərkgedən” modelləri AMG xəttindən olan digər modellərdən şaquli milləri olan radiator barmaqlığı sayəsində seçmək mümkün olacaqdır. Belə radiator barmaqlığı yalnız Mercedes-AMG C63 modellərində quraşdırılacaqdır. Bundan başqa, avtomobillərin arxa diffuzorları və çıxış boruları daha iri ölçülərə malik olublar. İstehsalçı yalnız yenilənmiş kupe modelinin şəkillərini dərc edib. Digər modellərin görüntüləri sonradan dərc ediləcəkdir.
Digər C-Class modellərində olduğu kimi, “bərkgedən” AMG modelləri də sensorlu panelləri olan sükan çarxını, media sistemin genişformatlı displeylərini, əlavə AMG konfiqurasıyaları olan virtual cihazlar panelini əldə edib. Bu panelin tam mərkəzində taxometr yerləşdirilmişdir ki, iki analoq cihazının arasında duran bu vitrual cihaz bir qədər qəribə görünür.
AMG modellərinin mühərriki dəyişilməz qalıb.
Mercedes-AMG C63 modelinin 4,0-litrlik biturbo V8 mühərriki 476 at qüvvəsi və 650 Nm hasil edir. C63 S modifikasiyasında isə bu göstəricilər 510 at qüvvəsi və 700 Nm təşkil edir. Güc aqreqatının tandemdə çalışdığı ötürmələr qutusu isə yenilənibdir: avtomobil 9-pilləli AMG Speedshift MCT 9G qutusu ilə təchiz edilir ki, bu qutu da bənzər 7-pilləli transmissiyanı əvəz edib.
Avtomobil əvvəlki kimi arxadan çəkişlidir, lakin idarəetmə elektronikasının proqramı gediş xarakteristikalarını yaxşılaşdırmaq məqsədi ilə yenilənibdir. Elektron idarəetməli arxa differensial artıq bütün C 63 modellərində quraşdırılır. Əvvəllər bu opsiya yalnız C63 S modifikasiyasında quraşdırılırdı, adi modifikasiya isə mexaniki qapanma sistemi olan differensialla təchiz edilirdi. Güc aqreqatının hidravlik dayaqları isə yalnız S modelinin təchizatına daxil edilibdir.
Avtomobillərin dinamik xarakteristikaları da dəyişməyib: avtomobillərin arasında ən yeyini 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənən kupedir. Ən yavaşlar isə bu işə 4,2 saniyə sərf edən kabriolet və universal modelləridir. Sedan və kupe 290 km/saat, universal və kabriolet isə 280 km/saat maksimal sürət həddinə malikdirlər. Əvvəllər modellərin maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılırdı. Bu həddi yuxarıya çəkmək üçün isə AMG Driver’s Package dəsti tələb olunurdu.
Yenilənmiş Mercedes-AMG C63 modelləri satışa bu ilin yayında çıxarılacaqdırlar.