Volkswagen şirkəti bu gün işinə başlamış Nyu-York avtosalonunda Atlas Cross Coupe konseptual krossoverini nümayiş etdirib. Alman şirkətinin model cərgəsində Tiguan və yeddi yerli Atlas krossoverlərinin arasında qərarlaşacaq avtomobil Nissan Murano və Ford Edge ofroderləri ilə rəqabət aparacaqdır.
Prototip “böyük” Atlas krossoverinin bazasında hazırlanıbdır. Bunu avtomobilin təkər bazasının uzunluğu da sübut edir – 2979 millimetr. Bununla belə, krossoverin arxa çıxışı 290 millimetr, uzunluğu isə 4846 millimetrə qısaldılıbdır. Eyni zamanda, krossoverin xarici kuzov panelləri də dəyişdirilibdir.
Bu səbəbdən də prototip Atlas krossoverindən 51 millimetr enli və 41 millimetr alçaqdır. Modelin ön tərəfinin tərtibatı da dəyişdirilmişdir: fənərlər kiçildilmiş və radiator barmaqlığı ilə “gizlədilmişdirlər”. Deyilənlərə görə bu prinsip seriya modelində də qorunub-saxlanacaqdır.
Atlas Cross Coupe modelinin salonu beşyerlidir, onun ön hissəsi isə ciddi dəyişikliklərə məruz qalıb. Multimedia sisteminin displeyinin diaqonalı səkkizdən 10,1 düymə qədər artırılmış, iqlim sisteminin bloku isə sensorlu paneldən ibarətdir. Transmissiyanın selektoru qeydə alınmayandır. Seriya modelinin bütün bunları irsən alacağı hələ ki fakt deyildir. Üstəlik, prototip Atlas modelinin hibridləşdiriləcəyindən xəbər verir. Protoip ən güclü və mütərəqqi aqreqatla təchiz edilib.
Ön oxun hərəkətə gəlməsinə 280 at qüvvəli 3,6-litrlik VR6 mühərriki və 55 at qüvvəli elektromotor, arxa oxun fırlanmasına isə 116 at qüvvəli elektrikmotor cavabdehdir.
Ənənəvi “avtomatın” əvəzinə 6-pilləli DSG “robotundan” istifadə edilibdir. Hibrid qurğunun ümumi gücü 360 at qüvvəsidir. Sistemi qidalandıran 18 Vt-saatlıq litium-ion batareyası mərkəzi tonneldə yerləşdirilibdir.
Hibridin batareyasını məişət elektrik şəbəkəsindən doldurmaq da mümkündür. Tam dolu batareyalar krossoverə 42 kilometr qət etməyə imkan verir. Bu rejimdə Atlas arxadan çəkişli olacaqdır. 60 mil/saat (96 km/saat) həddinə prototip 5,4 saniyəyə sürətlənir, onun maksimal sürəti 209 km/saatdır. Bununla yanaşı daha sadə hibrid versiyası da mövcud olacaqdır. Bu versiyanın güc aqreqatı 314 at qüvvəsinə və 2 kVt-saatlıq batareyaya malikdir. Bu səbəbdən də elektrik ötürməsindən istifadə nəzərdə tutulmayıb. Belə krossover 60 mil/saat həddinə 6,5 saniyəyə sürətlənir. Maksimal sürət həddi isə dəyişilməz qalır – 209 km/saat.
Beş yerli Volkswagen Atlas modelinin seriya variantı, yeddi yerli modeldən tanış olan ənənəvi daxili yanacaq mühərrikləri ilə də təklif ediləcəkdir. Yeni krossoveri Çattanuqadakı zavodda istehsal edəcəkdirlər. Alman şirkəti yeni modelin istehsalına 340 milyon dollar sərmayə qoymağı planlaşdırır.