Koronavirus avtomobil aləminə zərbələri endirməyə davam edir. Çində və İsveçrədə keçirilməsi nəzərdə tutulan sərgilərin ləğvindən sonra, koronavirusun növbəti qurbanı aprel ayında keçirilməsi planlaşdırılan Nyu York avtosalonu olub.
“Biz ziyarətçiləri, təşkilatçıları,bir sözlə bütün iştirakçıları koronavirusdan müdafiə etmək üçün qeyri-adi addım atmaq məcburiyyətindəyik”, - bu tədbirin təşkilatçısı olan Böyük Nyu Yorkun Avtomobil dilerləri assosiasiyasının prezidenti Mark Şinberq bildirib.
Məlumdur ki, Nyu York avtosalonu qapılarını geniş kütlə üçün 10 aprel tarixində açmalı və 19 aprelə kimi davam etməli idi. İndi isə, sərginin keçiriləcəyi yeni tarix açıqlanıb – 28 avqust – 6 sentyabr. Ən maraqlısı isə, bu avtosalonda keçiriləcək təqdimatların taleyinin necə olacağı hələlik qaranlıq qalır. Çox güman ki, avtoistehsalçılar təqdimatları onlayn keçirmək məcburiyyətində qalacaqdırlar. Böyük ehtimalla, 2020 World Car of the Year (WCOTY) müasbiqəsinin qalibi də onlayn olaraq elan ediləcəkdir.