Mercedes-Benz şirkətinin baş direktoru Ola Kallenius, Mercedes-AMG One hiperkarının “əmtəə” versiyasının buraxılmasını təsdiqləyən direktorlar şurasının ayıq olduqlarından şübhə etdiyini bildirib.

Söhbət, Formula 1 bolidindən götürülmüş güc qurğusundan gedir: bu səbəbdən hiperkarı seriyaya hazırlamaq gözləniləndən daha çətin olub. Seriya hiperkarının müştərilərə çatdırılmasına 2019-cu ildə başlanmalı idi, lakin bu proses davamlı olaraq təxirə salınır və sifariçşilər bu günə qədər öz avtomobillərini ala bilməyiblər.

Kalleniusun sözlərinə görə, təxminən dörd il əvvəl AMG komandası və Formula 1 bolidləri üçün güc qurğusunu hazırlayan AMG High Performance Powertrain bölməsidən olan mexaniklər direktorlar şurasına müraciət ediblər.

Onlar formula mühərrikini yol avtomobilinə yerləşdirmək kimi əla ideyalarının olduqlarını bildiriblər. “Görüşün protokollarını araşdırmaq gərəkədir, amma razılaşdığımız zaman sərxoş olduğumuzdan əminəm”, - Kallenius qeyd edib.

Hiperkarın prototipi 2017-ci ildə Frankfurt avtosalonunda Project One adı ilə debüt edib. Seriya versiyası kimi, konsept də Mercedes F1 W07 Hybrid bolidindən götürülmüş güc qurğusu ilə təchiz edilmişdi.

Hibrid qurğunun tərkibinə ümumilikdə 1000 at qüvvəsi hasil edən dörd elektrik mühərriki və 1,6-litrlik V6 turbomühərriki daxildir. Hiperkarın maksimal sürəti elektronika tərəfindən 355 km/saat həddində məhdudlaşdırılıb. Mercedes-AMG One yerindən 200 km/saat həddinə altı saniyədən az müddətə sürətlənir.

Seriya istehsalına hazırlaşarkən mühəndislər bir çox problemlərlə üzləşiblər ki, bunlardan biri də qurğunu WLTP emissiya standartlarına uyğunlaşdırmaq olub. Bunun üçün bütün sazlamalara yenidən baxılmasını tələb edən sərt hissəciklər filtri quraşdırılmalı olub. Mühərrikin sərbəst dövrələri 5000-dən 1200 dövr/dəqiqəyə endirilib. Bundan əlavə, hiperkarın mühərriki Nürburqrinqdə sınaqlar zamanı sönüb.

Mercedes-AMG One hiperkarının tirajı cəmi 275 nüsxə ilə məhdudlaşır və üç milyon dollarlıq qiymət etiketinə baxmayaraq, onların hamısı 2017-ci ildəki təqdimatdan əvvəl satılıb qurtarmışdı. Əvvəlcə hiperkarın yığılmasına 2019-cu ildə, sonra 2021-ci ildə, daha sonra isə 2022-ci ilə başlmalı idi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.