Bildiyimiz kimi, Ford şirkəti yeni nəsil Focus modelinin test sınaqlarına başlamışdır. Bir müddət bundan öncə, avtomobil aləmindəki yenilikləri təqib edən fotocəsuslar yeni modelin aqreqatlarını daşıyan prototipin görüntülərini çəkməyə müəssər olmuşdular. Söylənilənlərə görə, yeni model bu gün satışda olan Focus modelinə nisbətən daha uzun, daha enli və daha geniş olmalıdır. Artıq «Mavi Ovalın» ən populyar modellərindən biri olan Focus modelinin dizaynının hansı istiqamətdə inkişaf edəcəyi barədə düşünməyin əsl vaxtıdır.
İtaliyanın OmniAuto dərgisində çalışan həmkarlarımlz yeni nəsil Focus modelinin dizaynının Mondeo modelinə xas olan dizayn üslubunda hazırlanacağını düşünürlər. Bu səbəbdən də onlar yeni beş qapılı hetçbekin çöhrəsinə Mondeo modelindən tanış olan cizgiləri axıtmışdırlar.
Öndən nəzər saldıqda, yeni Ford Focus modelinin ksenon fənərlərlə vidalaşaraq LED texnologiyası əsasında hazırlanmış ön fənərləri əldə edildiyini görürük. Burada təəccüblü bir şey yoxdur, çünki Focus modelinin rəqibləri sayılan bir sıra avtomobillər artıq bu tip fənərlərlə opsional olaraq təchiz edilirlər.
Təbii haldır ki, yeni avtomobil Aston Martin avtomobillərinin radiator torunu xatırladan radiator barmaqlığını da əldə etmək şansına malikdir. Bamperə quraşdırılmış iri hava girişləri avtomobilin görkəmini bir qədər də aqressiv etməyə xidmət göstərir.
Ford şirkətinin nümayəndələrinin birdirdiyinə görə, yeni Focus kupe avtomobillərinə xas olan siluetlə seçiləcəkdir. Elə bu səbəbdən də renderi hazırlayan jurnalistlər yeni hetçbekin tavan xəttini daha maili çəkmişdirlər. Təsvirdən də göründüyü kimi, avtomobilin arxa qapıları bir qədər iri ölçüyə malikdir ki, bu da avtomobilin bazasının uzadılacağına bir işarədir Eyni zamanda böyümüş ölçülər avtomobilin daha praktik və iri həcmli baqaj bölümünə sahib olacağına dəlalət edir.
İtalyan jurnalistlər yeni Ford Focus modelinin 2017-ci ildə keçiriləcək Cenevrə avtosalonunda debüt edəcəyini də ehtimal edirlər. Hetçbek variantlı avtomobilin satışlarının başlanmasından bir müddət sonra sedan kuzovlu Focus modelinin işıq üzü görəcəyi istisna deyildir.