Vaxtı ilə Opel şirkəti və onun Böyük Britaniyada fəaliyyət göstərən Vauxhall bölməsi OPC və VXR subbrendləri altında “qaynar” avtomobilləri təklif edirdilər. Alman markasının PSA Peugeot Citroen qrupunun çətiri altına keçməsindən sonra, bu subbrendlər yeni modelləri nümayiş etdirməyiblər.
Lakin, bu yaxınlarda “Autocar” nəşrinə müsahibə verən Vuaxhall markasının rəhbəri Stiven Norman sahədə yaxın zamanlarda yeniliyin olacağını bildirib. O, VXR markası altında təkmilləşdirilmiş elektromobillərin buraxılacağını söyləyib. Yükəsk vəzifəli şirkət nümayəndəsi Vauxhall Racing (VXR) xəttinə Corsa-e modelindən tutmuş yenilənmiş Vivaro-e furqonuna qədər olan modellərin daxil ediləcəyini bildirib. Eyni zamanda, Norman VXR subbrendinin elektrikləşdirilmiş Mokka krossoverinin "qaynar" versiyasını buraxacağını da söyləyib.
“Qaynar” elektromobillər adi modifikasiyalardan ilk növbədə dizaynı ilə seçiləcəkdirlər, lakin bəzi modellər təkmilləşdirilmiş hərəkət hissəsinə və daha məhsuldar güc aqreqatına sahib olacaqdırlar.
Çox güman ki, eyni tale Opel Performance Center (OPC) bölməsini də gözləyir. Yenidən dirçəldilmiş OPC subbrendinin ilk modelinin Corsa-e elektrik hetçbekinin daha güclü versiyasının olacağı ehtimal edilir.