Stellantis ittifaqının tərkibinə daxil olan PSA konserni Peugeot e-Partner, Citroen e-Berlingo və Opel Combo-e elektrik minivenləri üçlüyünü yanvar ayında təqdim edib. İndi isə, növbə onların sərnişin versiyalarına gəlib çatıb. Peugeot e-Partner və Citroen e-Berlingo modellərinin təqdimata hazırlaşdıqları bir vaxtda, Opel markası Combo-e Life modelini artıq nümayiş etdirib.
Combo-e Life modeli, 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki və oxlar arasında yerləşən 50 kilovat-saatlıq dartma batareyasını yük furqonundan alıb. Hər iki versiyanın dinamik xüsusiyyətəri də eynidir: sərnişin versiyası da yük furqonu kimi 100 km/saat həddinə 11,2 saniyəyə sürətlənir, maksimal sürət isə 130 km/saat həddində məhdudlaşdırılıb. Ancaq batareya doldurmadan qət edilən məsafə, sərnişin versiyasında, yük furqonunda olduğundan beş kilometr çoxdur - 280 kilometr (WLTP).
Opel Combo-e Life modelini həm standart (4.4 metr), həm də uzadılmış (4,75 metr) XL versiyasında sifariş etmək olar. Minivenlər beş və ya yeddi nəfərlik salonla təklif edilirlər. İkinci oturacaq sırasının arxasındakı baqaj bölməsinin həcmi 597 (Combo-e Life) və 850 litrə (Combo-e Life XL) bərabərdir. İkinci cərgənin qatlanması halında bu göstəricini, müvafiq olaraq, 2126 və 2693 litrə qədər artırmaq olar. Bundan əlavə, Opel Combo-e Life 750 kiloqrama qədər çəkisi olan qoşqunu yedəyə götürə bilər - lakin belə rejimdə minivenin yürüş ehtiyatı daha az olacaqdır.
Minivenin baza təchizatına səkkiz düymlük ekranı olan, habelə Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyən (naviqator əlavə ödənişlə əldə edilə bilər) media sistemi, elektron köməkçilər kompleksi və təhlükəsizlik sistemləri daxildir. Opel Combo-e Life modellərinin Avropadakı satışlarına payıza start veriləcəkdir. Elektrik miniveninin qiymətləri hələlik açıqlanmayıb.