Opel şirkəti yeni istehsal planını açıqlayıb – 2020-ci ildə PSA qrupunda daxil olan alman markası səkkiz yeni və yaxud yenilənmiş model buraxacaqdır. İlkin olaraq, Corsa, Mokka X və Viviaro modellərinin xələfləri işıq üzü görməlidir. Bundan başqa, Opel şirkəti dörd yeni elektrik modelini də təqdim etməyi planlaşdırır.
Elektrikləşdirmə prosesinə ilkin olaraq yığcam Opel Corsa hetçbeki qoşulacaqdır. Elektrik güc qurğusu ilə hərəkətə gələn hetçbek 2020-ci ildə debüt edəcəkdir. Elektrik hetçbeki ilə birlikdə Opel Grandland X krossoverinin PHEV indeksli qoşulan hibrid modifikasiyası da təqdim edilməlidir. 2024-cü ildə isə, istehsalçının model xəttində olan hər bir modelin elektrik variantı təklif ediləcəkdir. Beləliklə, Opel şirkəti bazarın ən kütləvi seqmentlərində diqqətini cəmləmək fikrindədir.
Bu səbəbdən də bu ilin sonuna Opel model xəttindən Adam, Karl hetçbekləri və Cascada kabrioleti çıxarılacaqdır. İstehsalçı yeni model cərgəsi sayəsində əsas bazarın 80 faizini zəbt etməyə ümid edir.