Avropada sərt CO2 emissiyası normaları və müvafiq vergilərlə əlaqədar olaraq, avtomobillərin elektrikləşdirilməsi həmişəkindən daha vacib hesab edilir. Buna görə də, hətta ən son modellər belə, zamanın ruhuna uyğunlaşmaq üçün, hibrid versiyalara malik olmağa məcburdurlar. 2017-ci ildən buraxılan Opel Grandland krossoveri və 2019-cu ildən istehsal edilən Opel Corsa hetçbeki də unifikasiya edilmiş güc qurğusuna malik olan Hybrid adlı versiyanı alıblar.
Düzünü desək, Opel Grandland krossoveri 2019-cu ildən bəri hibrid modifikasiyalara malikdir, lakin onlar 224 at qüvvəli (ön ötürməli) və ya hətta 300 at qüvvəli (tam ötürməli) olduqca bahalı təkrar doldurulan versiyalardır.
Yeni Grandland Hybrid daha sadə və daha əlçatandır, lakin rozetkaya qoşulmaq imkanı yoxdur. Onun hibrid aqreqatı 2022-ci ildə eyni platformanı bölüşdüyü Peugeot krossoverlərində debüt etmiş güc qurğusu ilə eynidir.
Qurğuya 1,2-litrlik turbomühərrik və iki muftalı altı pilləli “robota” quraşdırılmış, 28 at qüvvəsi hasil edən 48 voltluq elektrik mühərriki daxildir. Sistemin maksumum hasilatı 136 at qüvvəsinə bərabərdir.
Nəticədə, yanacaq sərfiyyatı və CO2 emissiyaları səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilmiş, lakin hibrid əlavəsi olmayan adi 1.2 Turbo versiyası (hələlik çeşiddə qalır) ilə müqayisədə 15% azalır.
Kiçik litium-ion batareyanın tutumu cəmi 1 kilometrlik yürüş məsafəsinə kifayət edir, lakin belə batareya yüngüldür, sol ön oturacağın altında yerləşərək salonda və ya baqajda faydalı yeri tutmur. Digər yeniləmələrə xüsusi “hibrid” məlumatlarını və iş rejimlərini əks etdirən 12-düymlük yeni rəqəmsal cihazlar paneli daxildir.
Opel Corsa hetçbekinin əvvəlcədən sırf elektrik versiyası var idi, odur ki, Hybrid versiyası bir ilkdir. Güc qurğusu Grandland modelindəki ilə eynidir, lakin iki güc variantında - 100 və ya 136 at qüvvəli versiyalarda təklif olunur. Hibridləşdirmə pasport üzrə yanacaq sərfiyyatını və karbon qazı emissiyasını 18% azaltmağa imkan verib. Üstəlik, hetçbek elektrik rejimində də 1 kilometrə qədər məsafə qət edə bilir.
Yeni virtual cihazlar paneli hibrid qurğunun əlavə iş rejimlərini göstərə bilir. Eyni zamanda, Corsa əvvəlki kimi, 1,2-litrlik turbomühərriki (100 və ya 130 at qüvvəsi) və səkkiz pilləli avtomatik transmissiyası olan, lakin hibrid əlavəsi olmayan versiyalarda təklif edilir.
Almaniyada yeni “mülayim” hibridlərə sifarişlər artıq qəbul edilir. Opel Corsa Hybrid modelinin baza versiyasının qiyməti 26 100 avrodan başlayır və bu, avtomatik transmissiyası və 100 at qüvvəli turbomühərriki olan hetçbek üçün istəniləndən 1700 avro çoxdur.
Ən güclü Corsa GS Hybrid (136 at qüvvəsi) modeli 30 190 avro dəyərində qiymətləndirilir. Opel Grandland Hybrid krossoveri, əlbəttə ki, daha bahalıdır: ən azı 36 120 avro, yəni elektrik mühərriki olmayan 130 at qüvvəli versiya ilə müqayisədə əlavə ödəniş 1800 avro təşkil edəcək.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.