Elektrikləşdirilmiş avtomobillərin pasport üzrə yürüş ehtiyatını əhəmiyyətli dərəcədə aşdığını nümayiş yürüşləri dəbi Opel brendinə də gəlib çatıb. Təcrübə üçün bir il bundan əvvəl təqdim edilmiş ikinci nəsil Opel Grandland krossoverinin elektrik deyil, hibrid versiyası seçilib. Opel Grandland Plug-in Hybrid yeddi pilləli preselektiv “robot” və elektrik mühərriki ilə tandemdə çalışan 1,6-litrlik dördsilindrli benzin turbomühərriklə təchiz edilir.

Hibrid sistemin ümumi hasilatı 195 at qüvvəsi və 350 Nm fırlanma anı təşkil edir. Bütün dartma qüvvəsi ön təkərlərə ötürülür. Batareyanın tutumu 17,9 kilovat/saatdır ki, bu da elektrik rejimində 87 kilometrlik yürüş üçün kifayət edir. Dolu yanacaq çəni ilə qət edilən məsafə 897 kilometrdir. Bu rəqəmlər WLTP dövrünə uyğun olaraq ölçülüb və krossoverin pasportunda göstərilib.

Dolu yanacaq çəninə və tam doldurulmuş batareyaya malik olan Opel Grandland Reyn-Mayn bölgəsindən hərəkətə başlayaraq Reyn-Nekkara yollanıb və həmin marşrutla da geriyə qayıdıb. Şirkət, sınaq zamanı hibridin WLTP sınaqlarında nəzərdə tutulanlardan daha ağır şərtlərdə yürüş etdiyini xüsusilə vurğulayıb. Məsələn, sertifikatlaşdırma sınaqları zamanı havanın temperaturu təxminən 23 dərəcə Selsi olmalıdır, lakin yanvar ayında baş tutan yürüş zamanı orta temperatur 11 dərəcə təşkil edib.

Üstəlik, yürüşün sonunda havanın temperaturu 4 dərəcəyə qədər enib. Bundan əlavə, yürüşdə GS təchizatında olan tam yüklənmiş (yəni ağır) Grandland iştirak edib, üstəlik, onun 19-düymlük disklərinə aşağı yırğalanma müqavimətinə malik yay şinləri əvəzinə qış şinləri taxılıb.

Marşrut müvafiq trafik və tıxacların olduğu tipik alman şəhər və şəhərkənarı yollarından keçib: real həyatda olduğu kimi. Almaniyanın fasiləsiz idarəetmə ilə bağlı məhdudiyyətlərinə uyğun olaraq, sürücünü fasilələr ilə təmin etmək üçün, marşrut dörd mərhələyə bölünüb. Səfər zamanı orta sürət 80 km/saat, yanacaq sərfiyyatı isə, 100 kilometrə cəmi 4,6 litr təşkil edib.

Opel Grandland Plug-in Hybrid bu rejimdə, yanacaq və enerji doldurmadan 1115 kilometr məsafə qət edə bilib! Üstəlik, bu yürüşün 380 kilometri sırf elektrik darması ilə qət edilib. Alman mühəndisləri belə təsiredici nəticəni əyləcləmə zamanı güclü rekuperasiya və güc qurğusunun optimal parametrləri ilə izah edirlər. Almaniyada Grandland hibridinin qiyməti 40 150 avrodan başlayır. 

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.