Opel şirkəti Grandland X modelinin yeni dizel modifikasiyasını və bu krossover üçün nəzərdə tutulan yeni Ultimate təchizat səviyyəsini təqdim edib.
Opel Grandland X modelinin dizel modifikasiyası 175 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Dizel krossoveri 100 km/saat həddinə 9,1 saniyəyə sürətlənir və 214 km/saat maksimal sürətə malikdir. Qarışıq rejimdə avtomobil 100 kilomterə 5,0 litr yanacaq sərf edir. Dizel mühərriki və avtomatik qutu ilə təchiz edilən Grandland X modelinin Almaniya bazarındakı satış qiymətləri 37320 avrodan başlayır.
Opel Grandland X modelinin dəbdəbəli variantı olacaq Grandland X Ultimate modifikasiyasının təchizatına 19-düymlük təkər diskləri, damda quraşdırılan gümüşü rəngli relinqlər, qara rəngə boyanmış dam və yan güzgülər, yeni oturacaqlar, dəri salon, yüksək kefiyyətli Denon səs sistemi, OnStar xidməti və smartfonların qoşulması funksiyası daxildir. Opel Grandland X Ultimate variantının Almaniyadakı satış qiyməti 32420 avrodan başlayır. Bu modelin Azərbaycan bazarında satılacağı barədə məlumat verilməyib.