Bu gün Opel şirkəti rəsmi olaraq bayraqdar İnsignia modelinin növbəti nəslini təqdim etmişdir. Bayraqdar model yeni platforma üzərində yığılmışdır. Yeni avtomobil intellektual tam çəkiş sisteminə və sahibinin fərdi istəklərinə uyğun tənzimlənə bilən adaptiv şassiyə malik olmuşdur.
Yeni İnsignia modelinin yığılması üçün E2XX platformasından istifadə edilmişdir. Yeni avtomobil sələfinə nisbətən 55 millimetr (4897 millimetr) uzun, 7 millimetr enli (1863 millimetr) olsa da, ondan 60 kiloqramm yüngüldur. Bəzi modifikasiyalarda bu fərq 175 kiloqrama qədər arta bilər. Eyni zamanda avtomobilin təkər izi 11 millimetr böyümüş, tavanı 29 millimetr alçalmışdır. Yeni Opel İnsignia 92 millimetr (2829 millimetr) genişləndirilmiş təkər bazasına malik olmuşdur. Avtomobilin qabaritlərinin və təkər bazasının artması iç məkanda da əksini tapmışdır. Belə ki, arxa sərnişinlərin ayaq zonasındakı məkan 32 millimetr, çiyinlər zonasında 25 millimetr, baş üzərində isə 8 millimetr artmışdır.
Təkmilləşdirilmiş FlexRide adaptiv şassi sistemi üç rejimə malikdir: Standart, Sport və Tour.
Bu rejimlər amortizatorların, sükan mexanizminin, səkkiz pilləli avtomatik sürət qutusunun, stabilizasiya sisteminin və akkselerator pedalının həssaslığını dəyişir. Bundan başqa, bu sistemə özünətəhsil elementləri də əlavə edilmişdir ki, elektronika sürücünün davranışlarını təhlil edərək, onun sürüş üslubuna uyğunlaşa bilir və fərdi tənzimləmələri Sport rejimində yadda saxlayır. Eyni zamanda İnsignia yeni tam çəkiş sistemini əldə etmişdir ki, yeni sistemdə Haldex muftası (və ya elektrokina ilə idarəedilən diffirensial) elektron akuatorları olan iki çoxdiskli mufta ilə əvəz edilmişdir. Arxa oxda quraşdırılan muftalar mühərrikin fırlanma anını optimal şəkildə ötürərək , döngələrdə köməklik edən dartma vektorunun effektiv idarəedilməsini təmin edir.
Yeni Opel İnsignia modelinin mühərrik qamması barədə məlumat verilməmişdir. Qeyri rəsmi məlumata görə, yeni 164 at qüvvəsi və 250 Nm fırlanma anı olan 1,5-litrlik və 250 at qüvvəli 2,0-litrlik turbomühərriklərlə təchiz ediləcəkdir. Dizel mühərrikləri cari modeldən tanıdığımız 1,6 və 2,0-litrlik dizel aqreqatları ilə təmsil ediləcəkdirlər. Opel İnsignia modelinin ikinci nəslinin təchizatına işıqdiodlarından hazırlanmış matrisa fənərləri, proyeksiya displeyi, İntelliLink multimedia sisteminin yeni nəsli, dairəvi görüntü sistemi, adaptiv kruiz-kontrol, açarsız giriş, AGR sertifikatına malik anatomik ön oturacaqlar və bütün oturacaqların qızdırılması daxil edilmişdir.
Opel İnsignia modelinin ilk kütləvi nümayişi gələn ilin martında keçirilən Cenevrə avtosalonunda baş tutacaqdır.