Bu gün internet şəbəkəsində yeni nəsil Opel İnsignia modelinin hetçbek və universal kuzovlu modifikasiyalarının cəsus fotoşəkilləri yayılmışdır. OPC Line modifikasiyasında olan modellər rəsmi fotosessiya zamanı çəkilmişdirlər.
Monza konsept avtomobilinin dizayn üslubunda dizayna malik olan Opel İnsignia modelinin növbəti nəsli yeni platformada istehsal ediləcəkdir. Yeni İnsignia sələfinə nisbətən 55 millimetr uzundur. Yeni modelin təkər bazası da 92 millimetr uzadılmış, təkər izi 10 millimetr genişlənmiş, tavan xətti isə 30 millimetr alçaldılmışdır. Bir sıra modifikasiyalarda avtomobil əvvəlki nəslindən 175 kiloqram yüngüldür. Şəkildə təsvir edilmiş OPC Line modifikasiyası daha aqressiv dizayn, kiçildilmiş klirens, 20-düymlük təkər diskləri və Brembo əyləc mexanizmləri ilə seçilir. Yeni Opel İnsignia modelinin rəsmi təqdimat mərasimi gələn ilin martında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır. Hetçbek kuzovlu model Grand Sport, universal isə Sports Tourer, yolsuzluq variantı isə Country Tourer adlandırılacaqdır. Sedan kuzovlu İnsignia modelinin buraxılacağı barədə hələlik heç bir məlumat yoxdur.