Opel markası mart ayında keçiriləcək Cenevrə avtosalonunda iştirak etməyəcəkdir. Belə bir qərar alman markasının yeni sahibi olan PSA Peugeot Citroen qrupu tərəfindən qəbul edilib.
Automotive News nəşrinin bildirdiyinə görə, fransızlar Opel şirkətindən xərclərin azaldılmasını və yaxın zamanlarda mənfəətlə işləməyi tələb edirlər. Cari ildə Opel geniş miqyaslı yenilənmə və ya model təqdimatı etməyəcəkdir. Bu səbəbdən də şirkət rəhbərliyi markanın Cenevrədə iştirakını mütləq hesab etməyib.
CES kimi texnoloji sərgilərə, sürət festivallarına və zəriflik müsabiqələrinə üstünlük verən bir çox avtomobil istehsalçıları da ənənəvi sərgilərdən imtina etməyə başlayıblar. Məsələn, Peugeot, DS, Nissan, Fiat, Volvo və Jeep keçən ilki Frankfurt avtosalonunda iştirakdan imtina etmişdirlər.