PSA Peugeot Citroen qrupu, bir müddət bundan əvvəl sahibləndiyi Opel markasının avtomobillərində öz mühərriklərini quraşdırmaq niyyətindədir. Bu barədə xəbəri PSA qrupunun inkişaf şöbəsinin rəhbəri Jil le Bornyeyə istinadən Automotive News nəşri yayıb.
Opel avtomobillərindəki mühərriklərin dəyişilməsinə yaxın zamanlarda başlanacaqdır. Bornyenin sözlərinə görə, fransızlar bu keçidi bir neçə ilə tamamlamağı planlaşdırırlar. O, həmçinin, Opel şirkətinin mövcud olan texnologiyalarından istifadə olunması barədə son qərarın qəbul edilmədiyini də bildirib. Opel modellərinin fransız platformalarına və mühərriklərinə keçirilməsinin başlıca səbəbi, alman markasının keçmiş sahibi olan GM konserninə texnologiyalardan istifadəyə görə haqqın ödənilməsindən yaxa qurtarmaqdır. Nəşr, yeni mühərriklərə keçidin Opel zavodlarında işləyənlərin sayına təsir edəcəyini də bildirib.
Alman istehsalçısının texniki mərkəzlərində və müəssislərində ixtisarlar gedə bilər. Xatırladaq ki, keçən ilin oktyabrında Opel mühərrik və transmissiyaların hazırlanması və test edilməsi üzrə yeni mərkəzi işə salmışdı. Bu mərkəz Opel şirkətinə 210 milyon avroya başa gəlmişdir. Hazırda mərkəzdə 800 mühəndis çalışır.
Bu günlərdə Opel şirkətində PSA Peugeot Citroen qrupunun tərkibinə keçməsindən sonra ikinci səs-küylü istefa hadisəsi baş verib. Şirkətin baş marketoloqu Tima Müller onu tərk edib. Ondan əvvəl Opel şirkətini icraçı direktor Karl-Tomas Noyman tərk etmişdi.