Opel Mokka krossoveri daha güclü turbomühərrikə sahib olub. Opel şirkətinin Avropadakı konfiquratorlarında 1.2 PureTech mühərriki ilə təchiz edilmiş top benzin versiyasının xüsusiyyətləri dəyişdirilib. Şübhə yoxdur ki, Mokka yeni turbokompressoru olan üçüncü nəsil fransız qurğusunu əldə edib. Mühərrikin gücü altı at qüvvəsi (136 at qüvvəsi) artıb, fırlanma anı isə dəyişməyib (230 Nm), lakin karbon dioksidi emissiyası 11% azalaraq bir kilometrə 125 qrama düşüb.
Təkmilləşdirilmiş 1,2-litrlik Puretech “turboüçlüyü” keçən il Peugeot krossoverlərində debüt edib. O zaman bu mühərrik hibrid sistemin tərkibində çalışırdı, üstəlik, fransızlar hətta transmissiyanı da dəyişdirmişdilər: 8-pilləli “avtomatı” 7-pilləli Aisin preselektiv “robotu” əvəzləmişdi.
Opel Mokka modelinin mühərrik çeşidində başqa dəyişikliklər yoxdur: yenilənmiş krossover yalnız 6-pilləli mexaniki ötürmələr qutusu ilə təklif edilir, 8-pilləli “avtomat” isə, köhnə 130 at qüvvəli “turboüçlük” üçün saxlanılıb. Daha güclü mühərriklə hərəkətə gələn krossoverin sürətlənmə dinamikası yaxşılaşmayıb: sıfırdan 100 km/saat həddinə sürətlənmə eyni 9,1 saniyə çəkir. Qarışıq dövrədə yanacaq sərfi isə, 100 kilometrə 5,0-5,7 litr təşkil edir.
Almaniyada yenilənmiş mühərriki olan Opel Mokka modelinin qiyməti 25,2-32,6 min avro arasında dəyişir. Zamanla təkmilləşdirilmiş Puretech turbomühərriki ən yeni Jeep Avenger krossoveri də daxil olmaqla, Stellantis konserninin bütün eyni platformalı modellərində quraşdırılacaqdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.