Opel şirkəti yenilənmiş Mokka modelinin fotoşəkillərini yaymışdır. Yeni nəsl Astra modelinin dizayn üslubunda zahiri görünüşə malik olan krossover, restaylinqdən sonra Mokka X adı ilə satışa çıxarılacaqdır. Avtomobilin xarici görkəmində olan dəyişikliklər yeni radiator barmaqlığından, ön və arxa bamperlərdən, həmçinin işıq diodlarıdan hazırlanmış tam yeni ön və arxa fənərlərdən ibarətdir. Avtomobilin iç məkanında da dəyişikliklər baş vermişdir. Mərkəzi konsolda yerləşən havalandırma və multimedia sisteminin düymələr bloku tamamilə yenilənmiş, düymələrin sayı minimuma endirilmişdir.
Bunun əsas səbəblərindən biri ön paneldə yerləşdirilmiş sensorlu ekrandır ki, onun sayəsində avtomobilin sistemlərinin idarəedilməsi daha asan olmuşdur. Almanlar bu ekranı iki variantda: 7- və 8-düymlük variantlarda təklif edirlər. Həmçinin, göründüyü kimi, ekran artıq panelin üst hissəsində deyil, bilavasitə onun özündə quraşdırılmışdır. Bu səbəbdən də hava deflektorlarının formasına dəyişiklik edilmişdir.
Bundan əlavə, yenilənmiş Mokka Astra modelində quraşdırılan rəngli displeyə malik olan cihazlar panelini də əldə etmişdir.
Mokka X modeli həmçinin, yol nişanlarına və xəttlərinə, öndəki avtomobilə qədər olan məsafəyə nəzarət edən Opel Eye kamerası və Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi ilə təchiz edilir.
Avtomobilin mühərriklər qammasına altı pilləli avtomatla çalışan 152 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki daxildir. Bundan əlavə, krossover 110 və 136 at qüvvəsi olan 1,6-litrlik dizel mühərriki də təklif ediləcəkdir. Avtomobili həm öndən, həm də tam ötürməli çəkiş sistemləri ilə əldə edtmək mümkündür. Avtomobilin rəsmi təqdimat mərasimi Cenevrə avtomobil salonunda baş tutacaqdır. Onun Avropadakı satışlarına isə yaz aylarında start veriləcəkdir.