Opel Mokka modelinin yeni nəslinə həsr edilmiş tizer kampaniyası davam edir. Bu günlərdə alman istehsalçısı markanın rəhbəri Mayk Loşellerin iştirakı ilə çəkilmiş videoçarxı dərc edib.
Bu günə qədər bizə kamuflyaja bürünmüş modelin eksiz və tizerlərini nümayiş etdirsələr də, videoçarxda kamuflyajsız avtomobilin çəkildiyi kadrlar da mövcuddur. Doğrudur, bu görüntülər fraqmentar xarakter daşıyır və yaxud fokus onların üzərində cəmlənmir. Çarxda əsas diqqət Vizor adlanan elementə və arxa qapıya vurulmuş "Mokka" embleminə yönəldilib.
Yeri gəlmişkən, əvvəllər haqqında məlumat verdiyimiz Vizor elementi və Pure Panel interfeysi, 2018-ci ildə nümayiş olunmuş Opel GT X Experimental konseptində debüt ediblər. Bu konsept yeni Opel modellərinin carçısı olaraq yaradılmışdır.
Opel Mokka modelində gəldikdə isə, ilkin olaraq bazara elektrik güc qurğusu ilə hərəkətə gələn e-Mokka krossoveri çıxacaqdır. Sonradan daxili yanma mühərrikləri ilə təchiz edilmiş versiyalar işıq üzü görəcəkdirlər.